Bu gün Əmanətlərin Sığortalanması Fondunun inzibati binasında ləğv prosesində olan "Qafqaz İnkişaf Bankı" ASC-nin Kreditorlar Komitəsinin iclası keçirilir.
Fins.az xəbər verir ki, iclası Fondun icraçı direktoru Azad Cavadov aparır. O bildirib ki, "Qafqaz İnkişaf Bankı"nın öhdəlikləri üzrə birinci tranş artıq tamamlanmaq üzrədir. Bundan sonra bankın 22 milyon manatlıq öhdəliyi qalacaq.
"Yaxın vaxtlarda biz ikinci tranşı da ödəyəcəyik. Bankın fiziki şəxslərə olan öhdəliyini demək olar ki, yekunlaşdırmışıq. Az sayda fiziki şəxslər üzrə öhdəlik qalıb. Ümumilikdə fiziki və hüquqi şəxslərlə birlikdə 31 kreditor qalıb. Fiziki şəxslərin tələbləri tam yekunlaşandan sonra hüquqi şəxslərin tələblərinin yerinə yetirilməsinə başlanacaq. Fikrimcə, kreditorların əksəriyyətinin tələbi ödənildiyindən Kreditorlar Komitəsinin yaradılmasına ehtiyac yoxdur. Hüquqi şəxslərlə Əmanətlərin Sığortalanması Fondu bir araya gəlib öhdəliklərin yerinə yetirilməsi məsələsi müzakirə olunacaq".
Fond rəhbəri qeyd edib ki, "Qafqaz İnkişaf Bankı"nın 85 milyon manatlıq öhdəliyi qalır. Bunun da böyük hissəsi Mərkəzi Banka məxsusdur. Mərkəzi Bankın bu bankda 41,3 milyon manatlıq təminatlı krediti var.
"İkinci böyük öhdəlik "Azərbaycan Beynəlxalq Bankı"na məxsusdur. Fikrimcə, biz bu ilin sonuna "Qafqaz İnkişaf Bankı"nın ləğvetmə prosesini başa çatdıracağıq”.
Daha sonra səsvermə əsasında bu bank üzrə Kreditorlar Komitəsinin yaradılmaması məqsədəuyğun sayılıb.