30 Oktyabr

Əhali pulunu əmlaka yatırır - 117 MİLYON MANATLIQ EV ALINIB

Azərbaycan vətəndaşları pullarını yenidən əmlaka qoymağa başlayıb. Manatın taleyi ilə bağlı qeyri-müəyyənlik və tikinti şirkətlərinin aqressiv reklam kampaniyaları nəticəsində ölkədə mənzil və fərdi evlərin alınmasına yatırılan vəsaitlər kəskin artıb.

Azərbaycanda ipoteka krediti də daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına təkcə bu ilin oktyabr ayında 117,2 milyon manat kredit verilib. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Sonuncu dəfə daşınmaz əmlakın kreditləşməsində belə kəskin artım bu ilin fevral ayında, Azərbaycanda baş vermiş devalvasiyadan sonra qeydə alınıb. Həmin ay dollarla verilmiş kreditlərin hesabına daşınmaz əmlakın kreditləşməsi 64,1 milyon manat təşkil etmişdi. Sonrakı aylarda isə bu sahəyə verilmiş kreditlər 30 milyon manatı keçməyib, hətta bəzi aylarda azalma müşahidə edilib. İndi isə birdən-birə, sentyabr ayındakı 2,4 milyon manatlıq azalmadan sonra daşınmaz əmlak kreditlərində 120 milyon manata yaxın artım baş verib.

2015-ci ilin ayrı-ayrı ayları üzrə daşınmaz əmlakın kreditləşməsi

Yanvar

-1,5 milyon manat

Fevral

64,1 milyon manat

Mart

28,2 milyon manat

Aprel

28,1 milyon manat

May

17,1 milyon manat

İyun

8,3 milyon manat

İyul

-11,9 milyon manat

Avqust

8,2 milyon manat

Sentyabr

-2,4 milyon manat

Oktyabr

117,2 milyon manat

Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) mobil ofislər vasitəsilə yerlərdə daşınmaz əmlakın qeydiyyatı sahəsində dövlət başçısının Fərmanın icrasına başlayıb.