Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “Rabitəbank”ın aktivləri 349,9 milyon manat təşkil edib. Fins.az-ın bankın maliyyə hesabatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,3% çoxdur. Son 1 ildə bankın cəmi öhdəlikləri 41,6% artaraq 288,2 milyon manata, cəmi kapitalı isə 11,7% artaraq 61,7 milyon manata çatıb.
Problemli kreditləri 31%-ə yaxın artıb
9 ayın yekunlarına görə, “Rabitəbank”ın kredit portfeli 216 milyon manat olub. Bu da 2014-cü ilin yanvar-sentyabr aylarına nisbətən 8,1% çoxdur. Bankın vaxtı keçmiş kreditləri isə 30,6% artaraq 11,3 milyon manat təşkil edib. Problemli kreditlərin ümumi kredit porfelindəki payı isə 4,3%-dən 5,2%-ə yüksəlib.
3 milyon manatdan çox mənfəəti olub
Hesabat dövründə bankın faiz gəlirləri 21,4% azalaraq 28,4 milyon manat, faiz xərcləri 24,1% artaraq 11,5 milyon manat, qeyri-faiz gəlirləri 58,7% artaraq 8,2 milyon manat, qeyri-faiz xərcləri isə 21,1% artaraq 2 milyon manat təşkil edib. Beləliklə, bankın cəmi xalis gəlirləri 23,1 milyon manat olub. Bu da ötən ilin eyni dövründəkindən 24% azdır. Bank inzibati xərclərə 9,1 milyon manat, ehtiyatlara isə 10,8 milyon manat yönəldib. Beləliklə, 9 ayın yekununda “Rabitəbank”ın xalis mənfəəti 3 milyon 124 min manat olub.