Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “Qafqaz İnkişaf Bankı”nın aktivləri 159,4 milyon manat təşkil edib. Fins.az-ın bankın maliyyə hesabatına istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7% çoxdur. Son 1 ildə bankın cəmi öhdəlikləri 18,1% artaraq 95,1 milyon manata, cəmi kapitalı isə 4,7% artaraq 54,3 milyon manata çatıb.
Kreditləri 19%, əmanətləri 11% artıb
9 ayın yekunlarına görə, “Qafqaz İnkişaf Bankı”nın kredit portfeli 151,3 milyon manat olub. Bu da 2014-cü ilin yanvar-sentyabr ayına nisbətən 19,1% çoxdur. Bankın vaxtı keçmiş kreditləri isə digər banklara nisbəən xeyli aşağıdır. Belə ki, bu il problemli kreditlərin həcmi 33,8% artaraq 2,9 milyon manat olsa da, onların ümumi kredit portfelində payı 1,7%-dən 1,9%-ə yüksəlib, yəni heç 2%-ə də çatmır. Son 1 ildə bankın əmanət portfeli isə 10,9% artaraq 8,4 milyon manat təşkil edib.
Xalis mənfəəti 5 dəfə azalıb
Hesabat dövründə “Qafqaz İnkişaf Bankı”nın faiz gəlirləri 13,7% artaraq 10 milyon 269,3 min manat, faiz xərcləri 5,4% artaraq 3 milyon 274,6 min manat, qeyri-faiz gəlirləri 5,8 dəfə azalaraq 436,2 min manat, qeyri-faiz xərcləri isə 2 dəfə artaraq 6 milyon 463,2 min manat təşkil edib. Son nəticədə bankın xalis mənfəəti 967,7 min manat olub. Amma bu, 2014-cü ilin eyni dövründəkindən 5,4 dəfə azdır.