30 Oktyabr

Özünə görə böyük zərər içində

“Günay Bank” ASC 2015-ci ilin yanvar-sentyabr aylarını 987.055 min manat zərər ilə başa vurub.

Fins.az-ın “Marja”-ya istinadən məlumatına görə, bank faiz gəlirləri üzrə 3 milyon 508 min manat gəlir, qeyri-faiz üzrə isə 1 milyon 59 min manat zərər edib. Qeyri-faiz gəlirləri üzrə zərərin yaranması məzənnə dəyişməsi (devalvasiya) nəticəsində yaranmış 1,1 milyon manatlıq zərərdir.

9 ayın yekunu üzrə, “Günay Bank”ın xalis əməliyyat mənfəəti 1 milyon 15 min manat təşkil edib. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına təxminən 2 milyon manat ayırma nəzərdə tutduğundan 987 min manatlıq zərər yaranıb.

3-CÜ RÜBDƏ MƏNFƏƏTƏ ÇIXIB

“Günay Bank”ın 9 ay üzrə zərər açıqlamasının səbəbi 1-ci rübdəki 1 milyon 418 min manatlıq və 2-cü rübdəki 193.1 min manatlıq zərərdir. Bank 3-cü rübdə 436.8 min manat xalis mənfəət əldə edib və cəmi zərərini azaldıb.

30 Sentyabr 2015-ci il tarixinə “Günay Bank” ASC-nin cəmi aktivləri 94 milyon 608 min maanat təşkil etmişdir ki, bu da 31 Mart 2015-ci il tarixi ilə müqayisədə 2,5% çoxdur.

Mart ayından bu yana Bankın xalis kredit portfeli cüzi – cəmi 430 min manat artaraq 89 milyon 475 min manat təşkil edib.

BANKDA DEPOZİTLƏR ARTIB

31 Mart 2015-ci il tarixi ilə müqayisədə Bankda depozitlər 14% artaraq 30 Sentyabr 2015-ci il tarixində 13 milyom 793 min manata çıxıb. Depozitlərin 12 milyon 602 min manatı xarici valyutada olub. Eyni zamanda, depozitlərin 12 milyon 463 min manatını əhalinin əmanətləri təşkil edib. Martdan bəri əhalinin əmanətləri 17% artıb.

Sentyabr ayının sonunda “Günay Bank” ASC-nin cəmi öhdəlikləri 28 milyon 61 min manat, nizamnamə kapitalı 64 milyon 910 min manat, cəmi kapitalı isə 66 milyon 547 min manat olub.