30 Oktyabr

«İpoteka fərmanı çox şeyi dəyişəcək» - BANKİRLƏRİN GÖZLƏNTİSİ

Prezident İlham Əliyevin ötən gün imzaladığı - “Azərbaycan İpoteka Fondu” ASC-nin yaradılması barədə Fərman ölkədə ipoteka bazarını canlandıracaq. Bu barədə fins.az-a bank mütəxəssisləri bildirib. Onların sözlərinə görə, fərmanda öz əksini tapan məqamlar reallaşsa, həm bankların, həm də ipoteka krediti götürmək istəyən müştərilərin işi asanlaşacaq.

“Girov evləri özümüz sataq”

Fərmanda bankları razı salan əsas məsələ ipotekaya qoyulmuş əmlakın hərrac yolu ilə satılması qaydalarının təkmilləşdirilməsidir. Məsələ ondadır ki, hazırda banklar kreditin ödənməməsinə görə girov əmlakı satmaqda əməlli-başlı əziyyət çəkirlər. Müştəri məhkəməyə verilir, bu proses aylarla, bəzən süni şəkildə uzanır, paralel olaraq isə verilmiş borca görə faizlər yığılır, üstəlik əmlakın ucuzlaşması ehtimalı var. Bank mütəxəssislərinin sözlərinə görə, vəziyyəti düzətməyin yolu banka ipoteka kağızı əsasında əmlakı satmaq səlahiyyətinin verilməsi ola bilər: “Onsuz da ipoteka kağızı əmlakın girov qoyulması əsasında əldə edilən qiymətli kağızdır. Bu kağız əsasında qeyd aparmaqla əmlakı satmaq olar. Bu da bankların işini asanlaşdırar”.

“Bahalı evlər kasıbın nəyinə lazımdır?”

Dövlət başçısının sərəncamında həmçinin ipoteka kreditləri ilə bağlı bahalı evlərin alına bilməməsi öz əksini tapıb. Yəni, həm Bakıda, həm də bölgələrdə mənzillərin 1 kvadratmetri üçün orta qiymət müəyyən ediləcək və ipoteka yolu ilə əldə edilən evlər bu qiymətdən çox olmamalıdır. Bank mütəxəssisləri hesab edir ki, bu baş tutsa, əhalinin imkansız təbəqəsinin ipoteka ilə mənzil almaq şansı artacaq: “Çünki bahalı evləri ipoteka ilə adətən imkanlı şəxslər alır. Halbuki, ipoteka sosial layihədir və ondan imkansızlar faydalanmalıdır. Odur ki, ucuz evlərin ipotekaya verilməsi müsbət addımdır və kasıbların, evə ehtiyacı olan gənc ailələrin xeyrinədir. Sadəcə yəgin ki, həmin evlər əsasən Bakının kənar ərazilərində olacaq”.

Təmir xərci ilə fırıldaq etmək mümkün olmayacaq

Bundan başqa, fərmana əsasən ipoteka kreditləri ilə yalnız təmirli evlər almaq mümkün olacaq. Bank mütəxəssisləri deyir ki, adətən ipoteka yolu ilə mənzil alanlar sonradan onu təmir edirlər və bunun üçün əlavə borc götürürlər. Son nəticədə borcalanın öhdəlikləri artır. Yalnız təmirli evlərin ipotekaya verilməsi isə bəri başdan təmir məsələsinin həll olunması deməkdir. Yəni, müştəri yalnız aylıq ipoteka ödənişi barədə fikirləşəcək. Təmirdən söz düşmüşkən, bu məsələyə çəkilən xərclər də bəri başdan məlum olacaq və tikinti şirkətlərinin təmir xərcləri ilə bağlı maxinasiya etməsinə imkan verilməyəcək: “Ola bilər ki, tikinti şirkəti təmir xərclərini şişirdir, sonra da həmin xərci mənzilin qiymətinin üstünə əlavə edir. Amma sırf ipoteka üçün konkret məbləğ olmalıdır, həddindən çox dəbdəbəli təmirə ehtiyac yoxdur. Yüksək səviyyədə təmir edilmiş mənzillər bazarda satmaq üçündür və ipotekaya verilə bilməz” – deyə mütəxəssislər bildirir.

İpotekaya uyğun mənzillərin sayı artacaq

Həmçinin fərmana əsasən, ipoteka kreditləri ilə yalnız tikintisi başa çatmış və istismarına icazə verilmiş binalardakı mənzilləri almaq mümkün olacaq. Amma məlumatlandırma icraatı qaydasında inşa edilmiş və tikintisinin başa çatması barədə məlumat verilmiş yaşayış evlərinə də ipoteka veriləcək. Mütəxəssislər bildirir ki, Azərbaycandakı əksər evlər rəsmən əmlak kimi qeydiyyata alınmadığından, yəni “çıxarış” olmadığından bu məsələ ipoteka kreditləşməsini zəiflədir: “İndi isə “Azərbaycan İpoteka Fondu” ASC-nin nəzarəti altında binalar tikilə bilər və bu binalardakı mənzillər də problemsiz ipotekaya yönəldilə bilər”.

Tikinti icazələri də asanlaşacaq

Bundan başqa, fərmana əsasən ev və bina tikintisi üçün icazələrin verilməsi asanlaşacaq. Məsələ ondadır ki, hazırda tikinti şirkətləri binanın inşasına başlamaq üçün Bakı Şəhər İcra Hakimiyyətindən asanlıqla icazə alsalar da, binanın dövlətə təhvil verilməsi və lazımi sənədlərin əldə edilməsi prosesində əngəllərlə üzləşirlər. Bu da son nəticədə həmin əmlakların ipoteka yolu ilə satılmasının qarşısını alır: “O qədər yeni tikilmiş binalarda evlər var ki, ipotekaya qoymaq mümkün deyil. Onların sənədləşdirilməsi ilə bağlı əngəllər qalxsa, bu da bazarda ipoteka ilə alınıb-satılan mənzillərin sayını artırar” – deyə mütəxəssislər bildirir.