Azərbaycanın ipoteka sistemində aparılan dəyişikliklərdən sonra ipoteka kreditləri ilə bahalı evlər almaq mümkün olmayacaq. Fins.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin imzaladığı «Azərbaycan İpoteka Fondu» Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərmanda bildirilir.
Fərmana əsasən, «Azərbaycan İpoteka Fondu» ASC-nin vəsaiti ilə yalnız o evləri almaq olacaq ki, onların 1 kvadratmetrinin qiyməti ölkənin şəhər və rayon ərazilərinin müvafiq zonalarında orta bazar qiymətindən artıq olmasın. Yəni ipoteka krediti ilə yalnız o evləri almaq mümkün olacaq ki, onların qiyməti orta bazar qiymətindən yüksək olmasın.
Bundan başqa, fərmana əsasən, ipoteka kreditləri ilə yalnız təmirli evlər almaq mümkün olacaq. Digər tərəfdən ipoteka kreditləri ilə yalnız tikintisi başa çatmış və istismarına icazə verilmiş binalardakı mənzilləri almaq mümküen olacaq. Eləcə də, məlumatlandırma icraatı qaydasında inşa edilmiş və tikintisinin başa çatması barədə məlumat verilmiş yaşayış evlərini də ipoteka krediti ilə almaq mümün olacaq.
Yeri gəlmişkən, Nazirlər Kabineti orta bazar qiymətinin müəyyən edilməsi qaydasını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etməlidir.