Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “Bank of Baku”nun cəmi aktivləri 704,8 milyon manat təşkil edib. Fins.az-ın bankın maliyyə hesabatına istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% azalıb. Son 1 ildə bankın cəmi öhdəlikləri 3,8% artaraq 593,1 milyon manat, cəmi kapitalı isə 17,6% azalaraq 111,8 milyon manat olub.
Verdiyi kreditlərin 100 milyon manatının vaxtı keçib
9 ayın yekunlarına görə, bankın kredit portfeli 492,8 milyon manat təşkil edib. Bu da 2014-cü ilin eyni dövrünə nisbətən 18,6% azdır. Əvəzində bankın vaxtı keçmiş kreditləri 2,2 dəfə artaraq 94,5 milyon manata çatıb. Problemli kreditlərin kredit portfelindəki payı isə 7%-dən 19,2%-ə yüksəlib. Bankın depozit portfeli isə 3,2% azalaraq 389,4 milyon manata düşüb.
“Bank of Baku” aktivlərinin strukturu, kredit və əmanət portfeli barədə məlumat versə də, gəlirləri və xərcləri, mənfəəti barədə məlumatları açıqlamayıb.