Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, İran Milli Bankının Bakı filialının aktivləri 85,2 milyon manat təşkil edib. Fins.az-ım bankın maliyyə hesabatına istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,2% çoxdur. Son 1 ildə bankın cəmi öhdəlikləri 29,3% azalaraq 30,9 milyon manat, cəmi kapitalı isə 2,4 dəfə artaraq 51,3 milyon manat olub.
Kredit portfeli 90%-ə yaxın artıb
9 ayın yekunlarına görə, Bakı filialının kredit portfeli 9,8 milyon manat təşkil edib ki, bu da 2014-cü ilin yanvar-sentyabr aylarına nisbətən 89,2% çoxdur. Bankın vaxtı keçmiş kreditlərinin məbləği isə 5,5 milyon manatdan bir qədər çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,3% çoxdur. Amma son 1 ildə problemli kreditlərin ümumi kredit portfelində payı 45,7%-dən 36,7%-ə düşüb.
İran Milli Bankının Bakı filialının depozit portfeli isə 24,9% artaraq 2,2 milyon manata çatıb.
2,2 milyon manat xalis əməliyyat mənfəəti olub
Hesabat dövründə İran bankının faiz gəlirləri 2,2 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 50,6% çox), faiz xərcləri 22,5 min manat (2,9 dəfə çox), qeyri-faiz gəlirləri 89,2 min manat (31,6% az), qeyri-faiz xərcləri isə 12,3 min manat (16,1% çox) təşkil edib. Beləliklə, bankın xalis əməliyyat mənfəəti təxminən 2,2 milyon manat olub.
Qiymətli kağızların ticarətindən ziyana düşüb
Bundan başqa, bank xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsindən 1,8 milyon manat, xarici valyuta əməliyyatlarından 7,7 min manat, digər əməliyyatlardan isə 1,5 mi manat gəlir əldə edib. Bank aktivlər üzrə ehtiyatların yaradılmasına 2,4 milyon manat, inzibati işlərə isə 934,1 min manat xərcləyib, ticarət üçün alınmış qiymətli kağızlara görə isə 16,6 min ziyana düşüb. Son nəticədə bankın xalis mənfəəti 696 min manata yaxın olub.