30 Oktyabr

“Unibank” kreditləşməni azaldıb

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “Unibank”ın kredit portfeli 691,7 milyon manat təşkil edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, bu, ilin 1-ci yarısının yekunu ilə müqayisədə 5,4% azdır.

Kreditləşmənin azalması özünü əksər sahələrdə, o cümlədən də bankın prioriteti olan istehlak kreditlərində göstərib. Belə ki, 2-ci rübün yekununda bank fiziki şəxslərə 531,5 milyon manat kredit verdiyi halda, 3-cü rübün yekununda bu rəqəm 3,5% az – 512,7 milyon manat olub. İstehlak kreditlərinin bankın kredit portfelində payı isə 72,7%-dən 74,1%-ə yüksəlib.

Son 3 ayda “Unibank”ın ticarət və xidmət sektoruna ayırdığı kreditlər isə 133,1 milyon manatdan 115,1 milyon manata qədər azalıb. Bu sahənin ümumi kreditləşmədə payı isə 18,2%-dən 16,6%-ə yüksəlib.

Bank aqrar sektorun da maliyyələşdirilməsini azaldıb – kənd təsərrüfatına verilmiş kreditlərin məbləği 34,2 milyon manatdan 29,5 milyon manata düşüb. Fermerlərin aldığı kreditlər isə ümumi kredit portfelində 4,7%-dən 4,2%-ə qədər azalıb.

“Unibank” kredit portfelinin tərkibi barədə məlumat versə də, vaxtı keçmiş kreditlərinin məbləği, əmanət portfeli də daxil olmaqla öhdəlikləri, məcmu kapitalı, gəlirləri və xərcləri, mənfəəti barədə məlumatları açıqlamayıb.