30 Oktyabr

“Bolkart” sahibləri əlavə haqq ödəyəcək – 10 MANATDAN 150 MANATA QƏDƏR

“Bank of Baku”nun müştərilərinə təklif etdiyi taksit kartı – “Bolkart”dan istifadə pullu olub. Bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, söhbət bankın təxminən 1 ay bundan əvvəl bazara çıxardığı “Bolkart”lardan (“Bolkart GƏNC”, “Bolkart AİLƏ”, “Bolkart GOLD”, “Bolkart BUSINESS”, “Bolkart DIAMOND”) gedir. Bu kartların 4-ü üçün ayrıca illik xidmət haqqı müəyyən edilib.

Məsələn, yaşı 18-dən 27-yə qədər olan, özü və yaxud valideyni şəxsi gəlirə malik olan gənclər üçün nəzərdə tutulmuş “Bolkar GƏNC” kartından 1 il istifadə etmək 10 manata başa gəlir.

Yaşı minimum 18, kartın bitmə müddətinə isə 65 olan, dövlət və özəl müəssisələrin əməkdaşlarına, təqaüdçülərə, eləcə də “Bank of Baku”nun təkrar müştərilərinə verilən “Bolkart AİLƏ” kartının illik istifadə haqqı isə 20 manatdır.

Yaşı minimum 18, kartın bitmə müddətinə isə 65 olan, dövlət və özəl müəssisələrdə çalışan, amma əmək haqqı azı 1000 manat olan müştərilər üçün nəzərdə tutulmuş “Bolkart GOLD” kartından 1 il istifadə etmək isə 40 manata başa gəlir.

“Bank of Baku”dan biznes kreditləri əldə etmiş müştərilərə verilən “BOLKART BUSİNESS” kartından illik istifadə haqqı da 20 manatdır.

Və nəhayət, dövlət və özəl müəssisələrdə çalışan, əmək haqqı azı 3 min manat olan müştərilər üçün nəzərdə tutulmuş “Bolkart DİAMOND” kartından istifadə isə pulsuz olsa da, kart 150 manata verilir.