30 Oktyabr

“Muğanbank” da mənfəət açıqladı – 1,8 MİLYON MANAT

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “Muğanbank”ın aktivləri 473,8 milyon manat təşkil edib. Fins.az-ın bankın maliyyə hesabatına istinadən yaydığı məlumata görə, bu, ilin əvvəli ilə müqayisədə 11,6% çoxdur. Son 9 ayda bankın cəmi öhdəlikləri 12,75% artaraq 419,7 milyon manata, cəmi kapitalı isə 3,5% artaraq 54,1 milyon manata çatıb.

Depozit portfeli demək olar ki, yerində sayıb

9 ayın yekunlarına görə, “Muğanbank”ın kredit portfeli 337,2 milyon manat olub. Bu da ötən ilin sonuna nisbətən 15,9% çoxdur. Bankın depozit portfeli isə 1% artaraq 183,1 milyon manat təşkil edib.

İşçilərə 10 milyon manatdan çox xərc çəkib

Hesabat dövründə “Muğanbank”ın faiz gəlirləri 7,1% artaraq 46,2 milyon manat, faiz xərcləri 3,5% artaraq 19,6 milyon manat, qeyri-faiz gəlirləri 14,3% azalaraq 16,9 milyon manat, qeyri-faiz xərcləri isə 2,7 dəfə artaraq 15,8 milyon manat təşkil edib. Son nəticədə bankın xalis əməliyyat mənfəəti 27,7 milyon manat olub. Bunun 8,9 milyon manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına, 10,2 milyon manatı işçi heyətinin saxlanılmasına, 6,8 milyon manatı isə inzibati xərclərə yönəldilib. Beləliklə, bank ilin 3-cü rübünü 1,8 milyon mamat mənfəətlə başa vurub.