30 Oktyabr

“AFB Bank”dan 1 milyon manata yaxın mənfəət

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “AFB Bank”ın aktivləri 264,9 milyon manat təşkil edib. Fins.az-ın bankın maliyyə hesabatına istinadən yaydığı məlumata görə, bu, ilin əvvəli ilə müqayisədə 9,3% azdır. Son 9 ayda bankın cəmi öhdəlikləri 12,5% azalaraq 190,1 milyon manat, cəmi kapitalı isə 0,2% artaraq 74,5 milyon manat olub.

Kredit portfelini açıqlamayıb

“AFB Bank” 9 ayın yekununda kredit portfelinin nə qədər olduğunu açıqlamayıb. Bankın depozit portfeli isə təxminən 85 milyon manat təşkil edib. Bu da ilin əvvəli ilə müqayisədə 25,9% azdır.

Mənfəətlə işləyib

Hesabat dövründə bankın faiz gəlirləri 3,9 milyon manat (78,6% az), faiz xərcləri 0,6 milyon manat (86,1% az), qeyri-faiz gəlirləri 1,3 milyon manat (70% az), qeyri-faiz xərcləri isə 2,6 milyon manat (4,8 dəfə çox) olub. Beləliklə, bankın xalis əməliyyat mənfəəti təxminən 2 milyon manat təşkil edib. Bunun da 1,1 milyon manata yaxını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına yönəldilib. Son nəticədə “AFB Bank” ilin 3-cü rübünü 923 min manatlıq mənfəətlə başa vurub.