Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “NBC Bank”ın aktivləri 151,2 milyon manat təşkil edib. Fins.az-ın bankın maliyyə hesabatına istinadən yaydığı məlumata görə, bu, ilin əvvəli ilə müqayisədə 9,5% çoxdur. Son 9 ayda bankın cəmi öhdəlikləri 14,9% artaraq 100,1 milyon manata, cəmi kapitalı isə 0,2% artaraq 51,1 milyon manata çatıb.
Problemli kreditləri 30%-dən çox artıb
3 rüb ərzində bankın kredit portfeli 5,3% artaraq 128,6 milyon manat olub. Bankın vaxtı keçmiş kreditləri isə 31,3% artaraq 8 milyon manat təşkil edib. Problemli kreditlərin ümumi kredit portfelində payı isə 5%-dən 6,2%-ə yüksəlib. Bankın depozit portfeli isə 21,7%-lik artımdan sonra 70,6 milyon manata çatıb.
Mənfəət əldə etməyib
“NBC Bank” 9 aylıq fəaliyyətinin nəticəsi olaraq 13,5 milyon manat faiz gəlirləri (19,1% az), 1,8 milyon manat isə qeyri-faiz gəlirləri (30% az) əldə edib. Bankın faiz xərcləri 6,1 milyon manat (19% az), qeyri-faiz xərcləri isə 8,9 milyon manat (19,5% çox) olub ki, son nəticədə xalis əməliyyat mənfəəti 0,3 milyon manat təşkil edib. Bu, 2014-cü ilin sonu ilə müqayisədə 7,5 dəfə azdır. Üstəlik bankın mənfəəti tam olaraq aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına yönəldilib. Beləliklə, “NBC Bank” ilin 3-cü rübünü mənfəətsiz başa vurub.