30 Oktyabr

“Unibank” müştəriləri barədə əlavə məlumat toplayacaq

"Elektron Hökumət” portalı və “Unibank”ın mütəxəssisləri arasında görüş keçirilib. Fins.az-ın portalın saytına istinadən verdiyi məlumata görə, görüşdə vətəndaşlar üçün daha innovativ elektron xidmətlərin hazırlanması məsələsi müzakirə olunub.

Belə ki, mövcud iqtisadi şəraiti nəzərə alaraq “Unibank” kreditlərin ayrılması istiqamətində risklərin azalmasına dair daha ciddi tədbirlərin alınması üçün müştərilər barədə daha ətraflı informasiyanın toplanılmasını planlaşdırır. Bununla əlaqədar “Unibank" vətəndaşlar qarşısında əlavə sənəd tələbi qoymaq kimi ənənəvi üsul əvəzində, vətəndaş tərəfindən bu arayışların portal vasitəsilə ötürülməsini təmin etməyə hazırlaşır. Bununla da, artıq kredit üçün müraciət edən vətəndaşın ödəmə qabiliyyətini daha ətraflı təhlil etmək və düzgün dəyərləndirmə aparmaq mümkün olacaq.

Eləcə də, Unibank özünün bir sıra onlayn xidmətlərini ölkənin vahid elektron xidmət məkanı olan "Elektron Hökumət" portalına inteqrasiyas etməklə, bu xidmətləri vətəndaşlar üçün əlçatan edərək prosesi sadələşdirməyi planlaşdırır.

Görüşdə həmçinin, elektron imzanın imkanları, onlayn imzalama vasitələri və bunun üstünlükləri, bank müştəriləri ilə onlayn sənəd mübadiləsi təşkili məsələləri müzakirə edilib.