Bu ilin 9 ayının yekunlarına görə, Azərbaycandafiziki şəxslərin banklardakı əmanətləri 7 milyard 336 milyon manat təşkil edib. Əmanətlərin Sığortalanması Fondundan fins.az-a verilən məlumata görə, bu, ümumi əmanətlərin (maliyyə sektoru istisna olmaqla) 60%-ni təşkil edir.
Hesabat dövrünə fiziki şəxslərin ümumi əmanətləri 659 milyon manat (10%), qorunan əmanətlər 2 milyard 3 milyon manat (66%) artıb, qorunmayan əmanətlər isə 1 milyard 344 milyon manat (37%) azalıb. Hazırda fiziki şəxslərin əmanətlərinin 69%-ni və ya 5 milyard 44 milyon manatını qorunan əmanətlər, 31%-ni və ya 2 milyard 292 milyon manatını isə qorunmayan əmanətlər təşkil edir.
Hesabat dövründə kompensasiya olunan əmanətlər ilin əvvəlinə olan göstərici ilə müqayisədə 31% (528 milyon manat) artaraq 2 213 milyon manat olub ki, bu da ümumi əmanətlərin 30%-ni, qorunan əmanətlərin isə 44%-ni təşkil edir.
Üzv banklar tərəfindən 7 304 127 əmanətçiyə xidmət göstərilir ki, onların da 6 634 971 nəfəri (91%) qorunan əmanətçidir. Qorunan əmanətçilərin 99,6%-nin (6 240 434 nəfər) əmanəti 30 min manata qədərdir və 100% sığortalanır.
Qorunan əmanətlərin 71%-i ABŞ dollarının, 25%-i manatın, 4%-i avronun payına düşür.
Hazırda Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 109,4 milyon manat təşkil edir.
Fondun sərbəst vəsaitlərinin idarə edilməsi Fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Manatda olan vəsaitlər 78,7 milyon manat məbləğində dövlət qiymətli kağızların da yerləşdirilib və orta hesabla illik gəlirliliyi 4,2%-dir. Fondun 5,0 milyon Avro vəsaiti isə “Deutsche Asset Wealth Management International” şirkəti vasitəsi ilə idarə olunur.
Fondun 9 ayın yekununa əsasən gəlirləri 19,2 milyon manat olub ki, bunun da 16,5 milyon manatını təqvim haqları, 20 min manatını üzvlük haqqları, 2,6 milyon manatını isə faiz və digər gəlirlər təşkil edib. Fondun cəmi xərcləri 1,2 milyon manat olub.
Hazırda Fondun üzvü olan bankların sayı 43-dür.