Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “Azərbaycan Sənaye Bankı”nın aktivləri 459,2 milyon manat təşkil edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,6% çoxdur. Son 1 ildə bankın cəmi öhdəlikləri 14,2% artaraq 383,9 milyon manata (o cümlədən depozitləri 14,3% artaraq 240,3 milyon manata), cəmi kapitalı isə 5,1% artaraq 75,3 milyon manata çatıb.
Problemli kreditləri 4%-dir
9 ayın yekunlarına görə, bankın kredit portfeli 165,8 milyon manat olub. Bu da 2014-cü ilin eyni dövrünə nisbətən 2,2% çoxdur. Bankın vaxtı keçmiş kreditləri isə 7,6% artaraq 6,7 milyon manat təşkil edib. Problemli kreditlərin ümumi kredit portfelində çəkisi isə 3,8%-dən 4%-ə qalxıb.
Sənaye sektorunu prioritet saxlayır
3 rübün yekunlarına əsasən, “Azərbaycan Sənaye Bankı” ən çox sənaye sektoruna kredit verib – 67,6 milyon manat. Bu, kredit portfelinin 40,8%-i deməkdir və ötən illə müqayisədə 8,2% çoxdur. Kreditləşmənin məbləğinə görə, 2-ci yerdə ticarət və xidmət sektoru qərarlaşıb – 47,8 milyon manatla. Bu isə kredit portfelinin 28,9%-i olmaqla 2014-cü ilə nisbətən 4,1% azdır. Bank fizik şəxslərə ayırdığı kreditlərin də məbləğini azaldıb- istehlak kreditlərinin məbləği ötən ilin eyni dövründəki 23,1 milyon manatdan 16,6 milyon manata düşüb. Əvəzində kənd təsərrüfatına verilmiş kreditlərin məbləği 14,3 milyon manatdan 18,4 milyon manata, tikintiyə verilmiş kreditlər 7,1 milyon manatdan 10,9 milyon manata çatdırılıb.
Kreditlərin 96%-ni Bakıda verir
Yanvar-sentyabr aylarının yekunlarına görə, “Azərbaycan Sənaye Bankı” kreditlərin 95,7%-ni və yaxud 158,7 milyon manatını Bakıda verib. Bu da ötən ilin eyni dövrünə nisbətən 3,6% çoxdur. Bank Sumqayıt sakinlərinə ayırdığı kreditlərin məbləğini isə 4,1% artıraraq 2,6 milyon manata çatdırıb. Əvəzində bankla eyni holdinqdə olan şəkər zavodunun yerləşdiyi İmişli rayonunda kreditləşmənin məbləği 4,9 milyon manatdan 3,4 milyon manata qədər azaldılıb. Gəncədə verilmiş kreditlərin məbləği isə 1,7 milyon manatdan 1,1 milyon manata düşüb.
2,1 milyon manat mənfəət əldə edib
9 ayın yekunlarına görə, “Azərbaycan Sənaye Bankı”nın faiz gəlirləri 15,9 milyon manat (0,7% artım), faiz xərcləri 4,2 milyon manat (19,6% azalma), qeyri-faiz gəlirləri 50 min manat (100 dəfə azalma), qeyri-faiz xərcləri isə 6,15 milyon manat (2,6% azalma) təşkil edib. Son nəticədə bankın xalis əməliyyat mənfəəti 40% azalmaq ilə 5,6 milyon manat olub. Bunun 2,9 milyon manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına, 560 min manatı isə vergilərin ödənilməsinə yönəldilib. Beləliklə, bank təxminən 2,1 milyon manat xalis mənfəət əldə edib. Amma bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,2% azdır.