30 Oktyabr

Təhsil kreditləri faizsiz veriləcək

Azərbaycanda tələbələrə təhsil haqqının ödənilməsi üçün veriləcək kreditlər faizsiz olacaq. Bu barədə fins.az-a Təhsil Nazirliyindən bildirilib.

Nazirlikdən bildirilib ki, təhsil kreditləri mühüm sosial məqsədə xidmət etdiyinə görə, onların çox aşağı faizlə (illik 1-2%), hətta faizsiz verilməsi variantlarına baxılır: «Bu kreditlər tələbələrə dəstək məqsədilə veriləcək, ona görə də maksimum güzəştli olacaq ki, onları qaytarmaq çətin olmasın».

Təhsil kreditlərinin hansı müddətə veriləcəyi və nə vaxt qaytarılacağı məsələ də müzakirə mövzusudur. Nazirlikdən bildirilib ki, bu kreditlərin qaytarılması müddəti ilə bağlı müxtəlif variantlar nəzərdən keçirilir. Bir varianta görə, kreditlər təhsil müdətinin sonunadək veriləcək. Digər yanaşmaya görə isə kreditlər daha uzun müddətə veriləcək. Bu halda tələbə krediti yalnız əmək fəaliyyətinə başlayandan sonra, işləyərək ödəyəcək. Nazirlikdən bildirilib ki, təhsil kreditlərinin verilməsi ilə bağlı müxtəlif xarici ölkələrin təcrübəsindən də istifadə edilir və bu məqsədlə xarici təcrübələr öyrənilir.

Bundan başqa, təhsil kreditlərinin hansı məbləğdə olacağı da dəqiqləşdirilir. Belə ki, təbələyə həm təhsil haqqının tam məbləində, həm də bir hissəsi qədər kredit verilə bilər. Kredit vəsaiti təbələnin özünə verilməyəcək, onun təhsil aldığı ali məktəbə köçürüləcək: «Bunun məqsədi odur ki, tələbə həmin vəsaiti başqa məqsədlər üçün istifadə etməsin»-deyə nazirlikdən bildirilib.