30 Oktyabr

Elman Rüstəmov üzən məzənnədən danışdı

"Yüksək dollarlaşma səbəbindən Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları azalıb". Fins.az-ın APA-ya istinadən məlumatına görə, bunu Milli Məclisin növbəti plenar iclasında Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, 2014-cü ildə AMB-nin valyuta ehtiyatları 15 milyard dollar olub: "Bu ehtiyatları biz daxili bazardan almışdıq. Devalvasiyadan sonra ilk dəfə may-iyun aylarında biz daxili bazardan dollar aldıq. İyul ayında isə dollarlaşma səviyyəsi yenidən yüksəldi. İndi dollarlaşma səviyyəsi 10 il əvvəlki səviyyədədir".

Hazırda AMB-nin valyuta ehtiyatlarının 7 milyard dollar olduğunu deyən E. Rüstəmov bu göstəricinin beynəlxalq normalara uyğun olduğunu bildirib. Baş bankir əlavə edib ki, üzən məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır: "Bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir. Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq".