30 Oktyabr

Bu bank da «keş in» bankomatlarına keçir

Hazırda bankomatlarla aparılan əməliyyatların 99%-i bankomatdan pul çıxarmaqdan ibarətdir. Bu barədə fins.az-a «Atabank»dan bildirilib. Bankdan verilən məlumata görə, bankomatlarda müxtəlif xidmətlər də tətbiq olunsa da, kart sahiblərinin böyük hissəsi, buradan yalnız nağd pul çıxarmağa üstünlük verir.

Yalnız cüzi hissə pul köçürmələri və digər əməliyatlar aparır, bunlar da əsasən paytaxt sakinləridir. Buna baxmayaraq «Atabank» bankomatlarının sayını artırmaqda davam edir. Sonuncu iki bankomat «Bakı Mall» ticarət mərkəzində və İsmayıllı rayonunda quraşdırılıb.

Yaxın vaxtlarda «Atabank» ölkəyə yeni tipli bankomatlar gətirəcək. Söhbət nadğ pul vəsaitlərini qəbul edən «keş in» bankomatlarından gedir. Bankdan bildirilib ki, hazırda belə bankomatlara tələbat hiss olunduğuna görə, onlar ilk növbədə Bakıda quraşdırılacaq. Qeyd edək ki, kart sahibləri bu bankomatlara nağd pul daxil etməklə kartlarındakı vəsaitləri artıra bilərlər. Azərbaycanda belə bankomatlardan bir qayda olaraq pul göndərmək üçün istifadə edilir.

Adi bankomatlarla yanaşı, «Atabank»ın 3 ədəd mobil bankomatı – «Atamatik»i də var. Onlar hər ayın sonunda bölgələrdə istifadə olunur. Amma bankın ən sürətli inkişaf edən infrastrukturu pos-terminallardır. Təkcə son 3 ayda bankın 3 mindən artıq pos-terminalı quraşdırılıb. Hazırda pos-terminalların sayı 19 minə çatır.