Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xalis xarici aktivləri 2015-ci il Sentyabrın 1-nə 1 milyard 852,3 milyon manat mənfi saldo ilə tamamlanıb. Bu, Avqust ayının 1 ilə müqayisədə 281,6 milyon manat azdır. Fevralın sonunda bankların xarici xalis aktivləri 3 milyard 360,3 milyon manata çıxmışdı. Mart-Avqust aylarında bankların xarici xalis aktivləriniun saldosu 1 milyard 508 milyon manat azalıb.
Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, xalis xarici aktivlərin azalması əsasən bankların xarici öhdəliklərinin azalması ilə bağlıdır. Belə ki, Avqust ayında bankların xarici öhdəlikləri 315,2 milyon manat azalaraq 6 milyard 246,2 milyon manata düşüb.
Qeyd edək ki, devalvasiyadan sonra, Fevralın sonunda bankların xarici öhdəlikləri 7 milyard 468,2 milyon manata çıxmışdı. Ötən dövrdə xarici öhdəliklər 1 milyard 222 milyon manat və ya 16,3% azalıb.
Yanvarın sonunda bankların xarici öhdəlikləri 4 milyard 935,6 milyon manat idi. 21 Fevraldakı devalvasiya ilə əlaqədar olaraq Fevralın sonunda bankların xarici öhdəlikləri 7 milyard 468,2 milyon manata çıxmışdı. Bu xarici valyutada olan aktivlərin yeni məzənnə ilə qiymətləndirilməsi nəticəsində baş vermişdir.
Avqust ayında bankların məcmu xarici aktivləri 54,8 milyon manat azalaraq 4 milyard 442,6 milyon manata düşüb.
Sentyabrın 1-nə kommersiya banklarının iqtisadiyyata kredit qoyuluşları 19 milyard 729,2 milyon manat təşkil edib. Bu məbləğ, Avqust ayının 1-i ilə müqayisədə 183,6 milyon manat azdır.
Fevral ayının sonunda kommersiya banklarının iqtisadiyyata kredit qoyuluşları 20 milyard 254,4 milyon manata çıxmışdı. Həmin vaxtdan kredit qoyuluşları azalır.
Sentyabrın 1-nə banklarda manatla depozitlər 4 milyard 38,7 milyon manat, xarici valyutada depozitlər isə 8 milyard 187,7 milyon manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, ötən ilin sonunda manatda depozitlər 7 milyard 275,8 milyon manat, xarici valyutada depozitlər isə 4 milayrd 130,3 milyon manat idi.
Xalis xarici aktivlər (kommersiya bankları üzrə) - Kommersiya bankları tərəfindən qeyri-rezidentlərlə xarici valyutada, manatla və qiymətli metallarla aparılmış aktiv-passiv əməliyyatların saldosudur. Xalis xarici aktivlər, bankların xarici öhdəlikləri ilə məcmu xarici aktivlərinin fərqidir.
Mənbə: Marja.az