30 Oktyabr

Bu bank turizm sektoruna kredit verəcək

“Zaminbank” inkişaf strategiyasına uyğun olaraq yeni maliyyələşmə sahəsi müəyyən edib. Bu barədə fins.az-a açıqlamasında bankın İdarə Heyətinin üzvü Orxan Quliyev məlumat verib. Onun sözlərinə görə, söhbət turizm sektorundan gedir: “Biz indiyə qədər əsasən kənd təsərrüfatı və emal sektorlarına kredit ayırmışıq. Amma turizm sahəsinə də kredit vermək barədə düşünürük. Çünki bu sahədə böyük inkişaf potensialı görürük”.

Bəzi filialları kredit vermir

Bununla belə, hazırda “Zaminbank”ın həm paytaxtdakı, həm də regionlardakı bəzi filiallarında kredit verilmir. Bankın Kredit departamentinin direktoru Teymur Bağırov bunu kredit ödənişlərinə nəzarət tədbirlərinin həyata keçirilməsi ilə izah edir: “Bəzi filiallarda vaxtı keçmiş kreditlərin məbləğini azaltmaq üçün kreditləşməni dayandırmışıq. Bu da risklərin minimuma endirilməsi üçündür. Hər il bu tədbirlər görülür. Yəni, kreditlər müəyyən qədər yığılandan sonra yenə də həmin filiallar borc verəcək. Amma ümumilikdə problemli kreditlərimiz elə də çox deyil, kredit portfelinin cəmi 4%-i qədərdir”.

Xaricdən pul cəlb etməkdə maraqlı deyil

Hazırda “Zaminbank”da istehlak kreditləri illik 23-24%-lə, biznes kreditləri isə illik 18-20%-lə ayrılır. “Bizdə biznes kreditlərinin faiz dərəcələri həmişə aşağı olub, istehlak kreditlərini isə əvvəllər 28-30%-lə verirdik, son vaxtlar faiz dərəcələrini 5-6% aşağı saldıq” – deyə Orxan Quliyev bildirib. Bankın əmanət faizlərində isə dəyişiklik yoxdur və valyutanın növündən asılı olmayaraq illik 10%-lə əmanət qəbul edilir. Yeri gəlmişlən, “Zaminbank” kreditləşməni əsasən əmanətlərlə həyata keçirir və xaricdən vəsait cəlb etməkdə maraqlı deyil. Orxan Quliyevin sözlərinə görə, xarici kredit təşkilatları, o cümlədən Avropa bankları borc verərkən həmin pulu istənilən vaxt geri çəkmək hüququnu özündə saxlayır, bu baxımdan onlarla işləmək sərfəli deyil.