Azərbaycanın “Synergy Group” ASC, “Caspian Development Bank (CDB)” ASC-nin qrupa daxil olduğunu rəsmən təsdiq edib. Bundan əvvəl, çoxları bankın sahibinin “Synergy Group” ASC olduğunu bilsə də, holdinq bunu təsdiq etmirdi.
Fins.az-ın “Marja”-ya istinadən məlumatına görə, “Synergy Group” ASC “Caspian Development Bank”ın qrupa daxil olduğunu öz rəsmi saytında göstərib.
Saytda qeyd olunur ki, “Caspian Development Bank (CDB)” ASC ilk təsis olunmuş kommersiya banklarından biri olan “Kövsər Bank”-ın hüquqi varisidir.
17 Dekabr 2014-cü il tarixində Səhmdarların Ümumi Yığıncağının №01 saylı protokoluna əsasən bankın adının dəyişdirilməsi ilə əlaqədar olaraq Mərkəzi Bank 26 yanvar 2015-ci il tarixli 06-00232-2015 saylı məktubla banka “Caspian Development Bank (CDB)” ASC adı altında yeni lisenziya vermişdir.
UNİVERSAL BANK OLMAĞI HƏDƏFLƏYİR
Bankın lisenziyası ona dünya bankçılıq təcrübəsində tətbiq olunan bütün növ bank xidmətləri göstərməyə imkan verir. Bankın məqsədi korporativ idarəetmə standartları əsasında fəaliyyətini quraraq peşəkar komanda sayəsində mütərəqqi bank texnologiyalarının tətbiqi ilə sektorda öz payına malik olan universal bank olmaqdır.
BU İL 3 FİLİAL AÇACAQ
Hazırda bank Bakıda Müştəri xidmətləri departamenti, “Buta” şöbəsi və Gəncə şəhərində “Çinar” şöbəsi vasitəsilə müştərilərə xidmət göstərir. Cari ilin sonunadək Bankın Bakı şəhərində “İpoteka” filialının, regionlarda isə “Quba” və “Bərdə” filiallarının açılması planlaşdırılır.
Qeyd edək ki, Sentyabr ayının sonunda “Caspian Development Bank” Azadlıq prospekti 124 ünvanında yerləşən yeni Baş ofisinə köçmüşdür.