Azərbaycan banklarından «Premium» tipli plastik kart əldə edənləri konsyerj xidmətləri gözləyir. Fins.az-ın məlumatına görə, söhbət restoranda masa sifariş edilməsindən, yaxın adamlara gül göndərilməsindən tutmuş futbol oyunlarında, o cümlədən Çempionlar Liqası da daxil olmaqla xaricdəki yarışlara bilet əldə edilməsinə qədər müxtəlif xidmətlərdən gedir. Bütün bunlar “Firstline” şirkətinin ölkənin bir neçə bankı ilə əməkdaşlığı çərçivəsində reallaşır. Bunların arasında «Azərbaycan Beynəlxalq Bankı», «Expressbank» və «PAŞA Bank» var.
Pulsuz işləyən virtual köməkçi
Şirkətin direktoru Kamil Rzayev deyir ki, onların göstərdiyi xidmət kart kahibləri üçün bir növ katibə-referent funksiyasını yerinə yetirir. Yəni, bank müştəriləri görməli olduqları, amma vaxt çatışmazlığı ilə əlaqədar görə bilmədikləri işləri məhs konsyerjə etibar edirlər. Bunun üçün isə əlavə pul ödəmək lazım deyil.
Müştərilərin cəmi 10%-nin bundan xəbəri var
Kamil Rzayevin sözlərinə görə, hazırda onların təxminən 1000 potensial müştərisi var. Amma bunların cəmi 10%-i konsyerj xidmətlərindən istifadə edir. Səbəbi odur ki, kart sahiblərinin böyük hissəsi hələ də bu xidmət barədə məlumatsızdır və onun üstünlüklərindən xəbərsizdir.
Çempionlar Liqasına bilet tapan katibə
Gün ərzində “Firstline”nın müştərilərindən 4-5 zəng qəbul olunur. Ən çox istifadə olunan xidmətlər oteldə yer bron etmək, qiymət öyrənmək, masa sifariş etməkdir. Bundan başqa, konsyerj xidmətindən ad günü münasibətlə və ya bayramlarda gül və ya hədiyyələrin göndərilməsi üçün də istifadə olunur. Xidmətin bəzi müştəriləri isə xaricdəki futbol matçlarına, xüsusilə də Çempionlar Liqasına bilet almaq üçün müraciətlər edirlər. Xidmətdən istifadə etmək üçün istənilən növ telefondan 6922 nömrəsinə zəng vurmaq lazımdır.
İllik xidmət haqqı 1500 funt-sterlinq
Bakıda konsyerj xidmətini Böyük Britaniyaya məxsus “Quintessentially Azerbaijan” şirkəti də göstərir. Amma bu şirkətin xidmətlərindən istifadə etmək üçün (üzvlük kartı almaq üçün) illik azı 1500 funt-sterlinq pul ödəmək lazımdır. 60-dan artıq ölkədə nümayəndəliyi olan şirkət öz müştərilərinə həyat tərzi ilə bağlı müxtəlif xidmətlər – ölkə daxilində və xaricində keçirilən tədbirlərə bilet əldə edilməsi, hədiyyə göndərilməsi, otel, aviabilet bron edilməsi və s. xidmətlər göstərir.