30 Oktyabr

Bankdan kredit almaq üçün saxta arayış – 200 MANATA

Fins.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində banklardan kredit götürmək məqsədi ilə saxta sənəd və arayışlar hazırlayan şəxs saxlanılıb.

Belə ki, Baş İdarəyə Laçın rayon sakini Ədalət Kalbalıyevin vətəndaşa banklardan birinə təqdim etmək üçün “Uni-İnfo Holding” MMC-də menecer vəzifəsində işləməsi və aylıq 550 manat əmək haqqı alması barədə saxta arayış tərtib edərək 200 manata satmaq istəməsi barədə məlumat daxil olub. Ə. Kalbalıyev saxta arayışı qeyd edilən məbləğə satmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı müəyyən olunub ki, Ə. Kalbalıyev paytaxtdakı poliqrafiya mərkəzlərindən birində sözügedən firmanın rekvizitləri olan boş blankda vətəndaşın həmin şirkətdə işləməsi barədə saxta arayış hazırlayıb. Daha sonra isə o, saxta arayışı firmanın direktoru kimi imzalayaraq saxta möhürlə təsdiqləyib.

Baxış zamanı Ə.Kalbalıyevin idarə etdiyi avtomobildən və poliqrafiya mərkəzindən müxtəlif banklara təqdim etmək üçün tərtib edilən saxta arayışlar, möhürlər, adıçəkilən firmanın rekvizitləri olan boş blanklar və onların hazırlanmasında istifadə edilən kompüter avadanlıqları aşkar edilərək götürülüb.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Banklar «Onsuz da iş yerindən arayışlara inanmırıq»

Bununla yanaşı, qeyd edək ki, artıq ölkə bankları iş yerindən arayışlara o qədər də inanmır. Fins.az-ın məlumatına görə, kredit götürmək üçün iş yerindən arayışların alınması ilə bağlı edilən saxtakarlıqlar bankları əlavə yoxlama tədbirləri görməyə vadar edir. Bunlardan ən geniş yayılan üsul Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılan elektron sistemdə, vətəndaşın əmək müqaviləsi ilə elektron şəkildə tanışlıq və maaşın məbləğinin buradan dəqiqləşdirilməsidir. Eyni zamanda banklar müştərinin vəziyyətini öyrənmək üçün başqa üsullardan da istifadə edirlər və ümumiyyətlə müştərilərə daha ehtiyatla yanaşırlar.