Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın “Amrahbank” ASC-nin rəsmi internet saytına "İslamic Kiber Army" adlandıran İŞİD hakerləri tərəfindən hücum olunub.
Fins.az "Marja"-ya istinadən xəbər verir ki, "İslamic Kiber Army" adlandıran İŞİD hakerləri "Amrahbank"ın saytında yerləşdirdiyi xəbərdarlıqda bildiriblər ki, çox sayda banklar, hökumət və hərbi saytlardan məlumatlar oğurlanıb: "Sizə xəbərdarlıq edirik, əgər 7 gün ərzində bizə qarşı olan müharibəni dayandırmasanız, biz bu məlumatları internetdə yerləşdirəcəyik", - deyə hakerlərin xəbərdarlığında əks olunub.
"İslamic Kiber Army" sosial şəbəkələrdən birində banka məxsus məxfi məlumatları yayıb. Yayılan foto-məlumatda Bankın müştərilərinin adları, banka olan borcları kimi məlumatlar görünür. Görüntünü təqdim edirik. Sirr olduğu üçün fotonun bir hissəsini gizlətdik.
Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, kiber təşkilatın bu iddiaları tam əsassızdır və dövlət saytlarına heç bir hücum olmayıb. Qurumdan bildirilib ki, dövlət saytları yüksək səviyyədə qorunur və təhlükəsizliklə bağlı heç bir problem qeydə alınmayıb.