30 Oktyabr

Azərbaycanda kredit qoyuluşu yenə azalıb

Bu ilin iyul ayının yekununa görə, Azərbaycanın kredit təşkilatları 20 milyard 187,5 milyon manat məbləğində kredit veriblər. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən yaydığı məlumata görə, bu, iyun ayının yekunu ilə müqayisədə 101 milyon manat və yaxud 0,5% azdır.

Ümumilikdə, bu ilin mart ayından bəri Azərbaycanda kredit qoyuluşu hər ay azalıb. Kreditlərin əhəmiyyətli hissəsini – 38,5%-ni və yaxud 7,77 milyard manatını fiziki şəxslərə verilmiş istehlak kreditləri təşkil edib. Amma həm ev təsərrüfatlarının aldığı kreditlərin məbləği əvvəlki ayla müqayisədə 114,7 milyon manat və yaxud 1,5%, həm də onların ümumi kredit qoyuluşunda payı 0,4% azalıb.

Kredit qoyuluşuna görə, 2-ci yerdə ticarət və xidmət sektoru qərarlaşıb. Bu sahəyə iyun ayının yekunu ilə müqayisədə 25,8 milyon manat və yaxud 0,9% az - 2 milyard 863 milyon manat kredit ayrılıb. Amma sektorun kredit qoyuluşunda payı dəyişməyb – 14,2%.

İnşaat və əmlak sahəsinə də az kredit verilməyib – 2 milyard 811,7 milyon manat. Bu da əvvəlki aya nisbətən 17,2 milyon manat və yaxud 0,6% çoxdur. Sektorun kredit qoyuluşunda payı isə 0,1% artaraq 13,9%-a çatıb.

Sənaye və istehsal sektoruna ayrılmış kreditlərin məbləği isə 2 milyard 177,4 milyon manat olub. Bu da iyun ayı ilə müqayisədə 5,2 milyon manat və yaxud 0,2% çoxdur. Sektorun kredit qoyuluşunda payı isə 0,1% artaraq 10,8% təşkil edib.

Kənd təsərrüfatı və emal sektoruna ayrılmış kreditlər 6,8 milyon manat və yaxud 0,9% artaraq 946,7 milyon manat (kredit qoyuluşundakı payı 4,6%-dən 4,7%-ə yüksəlib), nəqliyyat və rabitə sektoruna verilmiş kreditlər isə 26,8 milyon manat artaraq 921,7 milyon manat (kredit qoyuluşundakı payı 4,4%-dən 4,6%-ə yüksəlib) təşkil edib.