Son vaxtlar Azərbaycanda banklardan kredit götürmək istəyənlərə qarşı tələblərin sərtləşməsi, belə demək mümkünsə, əvvəlki kimi hər yoldan ötənə kredit verilməməsi lombardların müştərilərinin sayını artırıb. Bu, fins.az-ın lombard bazarında apardığı araşdırma nəticəsində məlum olub. İndi banklardan əliboş qayıdanlar sələmə pul götürməyə üstünlük verirlər.
“Bəzən borc verməyə pul tapmırıq”
Bakının Abdulkərim Əlizadə küçəsi, 5 ünvanında fəaliyyət göstərən lombardın direktor müavini Osman Hacıyev deyir ki, son aylar müştərilərinin sayı 10-20% artıb. Onun sözlərinə görə, əvvəllər lombardın hesabında 5-10 min manat ehtiyat pul olurdu: “İndi isə bəzən borc almağa gələnlərə verməyə pul tapmırıq”.
Lombard rəsmisi deyir ki, müştərilər daha çox 200-1000 manat civarında pul götürürlər. Nadir hallarda bu rəqəm 2 min manata qədər artır. Girov kimi qəbul edilən qızılın hər qramı əyarından asılı olaraq 21-26 manat qiymətləndirilir və girovun dəyərinin 70-80%-i qədər borc verilir. Borca görə aylıq ödəniş 4-6%-dir.
Bakının Nigar Rəfibəyli küçəsi, 17/21 ünvanındaki lombardın direktoru Qulu Əliyev isə deyir ki, əvvəllər gündəlik ona borc üçün maksimum 5 nəfər müraciət edirdisə, indi borc almaq istəyənlərin sayı azı 6-7 nəfərdir: “Bank hər adama borc vermir deyə bizə gəlirlər. Amma faiz çox ödəməmək üçün maksimum 500 manat götürürlər”.
Lombard rəhbərinin sözlərinə görə, müştərilərdən girov götürülən qızıl qramı əyarından asılı olaraq 17-22 manat qiymətləndirilir və girovun dəyərinin 60-70%- i qədər borc verilir. Borca görə aylıq ödəniş 6-7%-dir.
“Devalvasiyadan sonra ödənişlər gecikir”
Bakıdakı lombardlar bir qayda olaraq ya öz vəsaitləri, ya da banklardan manatla cəlb etdikləri pulla işləyirlər. Buna görə də, bu ilin fevralında Azərbaycanda baş vermiş devalvasiyadan sonra lombardların öhdəliklərində dəyişiklik yoxdur. Amma manatın kəskin ucuzlaşmasının nəticəsi olaraq iqtisadi aktivliyin zəifləməsi lombardlara ödənişlərdə gecikmələrə səbəb olub.
Məsələn, Osman Hacıyev deyir ki, onarın bəzi müştərilərinin maddi vəziyyəti pisləşdiyindən ödənişi vaxtında etmirlər: “Bəzilərinin iş yeri bağlanıb, bəziləri ticarətlə məşğul idi, əvvəlki kimi pul qazanmır, ona görə də ödənişi gecikdirirlər”.
Bununla belə, onun sözlərinə görə, pulu vaxtında qaytarmayan müştərinin girovu dərhal satışa çıxarılmır: “Biz 3 ay gözləyirik, onlara məktub yazırıq, zəng vururuq, bütün bunlar səmərə verməsə, artıq girovu satıb pulumuzu götürürük”.
Devalvasiyadan sonra ödənişlərin gecikdiyini Qulu Əliyev də təsdiqləyir. Onun sözlərinə görə, vaxtında pulu çatdırmayan müştərilərin girovu əsasən onların öz razılığı ilə satılır: “Biz daha çox maraqlıyıq ki, müştərilər bizə aylıq faiz ödəsinlər, borcu da nə vaxt qaytarırlar-qaytarsınlar. Elə olur ki, özləri gəlib deyirlər ki, faizləri ödəyə bilmirik, onda girovu satırıq”.
Aylıq faizlər artıb
Lombardların fəaliyyətində daha bir diqqət çəkən məqam da odur ki, son aylar borcverənlər aylıq faiz ödənişlərini 3-4%-dən 6-7%-ə qədər artırıblar. Amma lombard sahibləri bunu müştəri bolluğu ilə deyil, qızılın ucuzlaşması ilə izah edirlər: “Biz bir neçə ay bundan qızıl girov götürün borc verəndə qiymət yüksək idi, amma sonradan hər qramda lom qiyməti 5 manat aşağı düşüb. Bu da bizə ziyan vurur. Ona görə də, yeni müştərilərdən aylıq 6-7% tələb edirik ki, itkiləri kompensasiya edək”.