30 Oktyabr

Kreditləşməni dayandırıb borcları yığır

“AFB Bank”da vaxtı keçmiş kreditlərin məbləği yarıbayarı azalıb. Bankdan fins.az-a verilən məlumata görə, 2-ci rübün sonuna problemli kreditlərinin məbləği 10,43 milyon manat təşkil edib. Bu da “AFB Bank”ın kredit portfelinin 5,65%-i qədərdir. Halbuki, 1-ci rübün yekunlarına görə, bankın problemli kreditləri 21,84 milyon manat və yaxud bankın kredit portfelinin 10,53%-i qədər idi.

Xatırladaq ki, “AFB Bank” son aylar kreditləşməni dayandırmış tək-tək banklardan biridir. Bu ilin may ayından bəri bank heç kimi kredit verməyib və vaxtı keçmiş kreditləri yığmaqla məşğul olub. Son nəticədə 2-ci rübdə bankın kredit portfeli 207,4 milyon manatdan 184,6 milyon manata düşüb.