Azərbaycan Beynəlxalq Bankı (ABB) xarici ölkələrdəki nümaynədəlik və ölkə daxilindəki filial şəbəkəsinə yenidən baxacaq. Fins.az-ın məlumatına görə, bu barədə bankın rəhbəri Elmar Məmmədov öz müsahibəsində bildirib. Onun sözlərinə görə, ABB-da digər tədbirlərlə yanaşı, bankın xərclərinin minimallaşdırılmasına da ehtiyac var: «Xərclərin minimallaşdırılması deyərkən, burada təkcə maliyyə resurslarının cəlb edilməsi üzrə xərclər yox, Bankın digər fəaliyyət sahələri üzrə xərclər də nəzərdə tutulur».
Lüzumsuz nümayndəliklər ləğv edilə bilər
Bank rəhbəri bildirib ki, ABB-nin xaricdəki nümayəndəlikləri və törəmə müəssisələrinin fəaliyyətini davam etdirəcəkləri barədə konkret cavab vermək hələlik tezdir: «Bu kimi məsələlərin həlli əhatəli təhlillərdən asılıdır. Azərbaycan Beynəlxalq Bankının bütün xarici nümayəndəliklərinin və törəmə müəssisələrinin fəaliyyəti ətraflı şəkildə təhlil ediləcək. Onların fəaliyyətinin nə dərəcədə səmərəli olduğu müəyyənləşdiriləcək». Bank rəhbəri bildirib ki, yalnız dəqiq bir qənaətdən sonra Bank üçün səmərəli sayılan qurumların fəaliyyəti daha da təkmilləşdiriləcək və ümumi strateji məqsədlərə uyğunlaşdırılacaq. Fəaliyyəti lüzumsuz sayılan nümaynədəliklərin gələcəyi ilə bağlı adekvat qərarlar veriləcək.
Filiallara da yenidən baxılacaq
Bank rəhbəri ABB-nin filial şəbəkəsinin gələcəyi barədə fikirlərini də bildirib. Qeyd edək ki, ABB ölkənin ən geniş xidmət şəbəkəsinə malik banklarından biridir. Onun sözlərinə görə, reallıqlarda bank şəbəkəsi optimal əsaslar üzərində qurulmalıdır: «Bankın xidmət şəbəkəsinin optimallaşdırılması, xidmət ofislərimizin həm ərazi-coğrafi baxımdan, həm real müştəri potensialı baxımından daha səmərəli şəkildə yerləşdirilməsi də, təbii ki, planlarımıza daxildir və bu istiqamətdə müəyyən addımlar atıla bilər».