30 Oktyabr

​“AtaBank”ın Müşahidə Şurasının üzvü vəfat edib

“AtaBank” ASC-nin Müşahidə Şurasının üzvü Rövşən Həsənov dünyasını dəyişib. Bu barədə Fins.az "Report"-a istinadən məlumat verir.

Qeyd edək ki, R.Həsənov D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq Təsərrüfatı iqtisadiyyatı və planlaşdırılması fakültəsini bitirib. Əmək fəaliyyətinə 1987-ci ildə Sənaye Tikinti Bankında Mühasib vəzifəsində başlayıb və 1987-1989-cü illərdə respublikada fəaliyyət göstərən kommersiya banklarında bir sıra vəzifələrdə çalışıb. 1989-1991-ci illər ərzində Maliyyə Nazirliyində Tikinti Kompleksinin maliyyələşdirilməsi şöbəsinin böyük iqtisadçısı, daha sonra isə Tikinti Kompleksinin Nəqliyyatın və rabitənin maliyyələşməsi şöbəsində II dərəcəli iqtisadçı vəzifəsini tutub. 1991-2000-ci illər ərzində özəl sektorda çalışıb. 2002-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankında Strategiya və proqnozlaşdırma Departamentinin baş iqtisadçısı sonra isə Əməliyyat Departamentinin Xəzinədarlıq Əməliyyatları şöbəsinin rəisi qismində çalışıb. 2004-2007-ci illərdə “KapitalBank” ASC-də Nağd vəsaitlərlə iş Departamentinin Nağd vəsaitlərin dövriyyəsi şöbəsinin rəisi vəzifəsini tutub. R.Həsənov 2007-ci ildən dünyasını dəyişənə qədər “AtaBank” ASC-nin Müşahidə Şurasının üzvü olub.