30 Oktyabr

Bank müştəriləri yeni qayda ilə qiymətləndiriləcək – 50% ŞƏRTİ

Banklara aylıq ödənişləri gəlirlərinin 50%-dən artıq olan ölkə vətəndaşları banklardan yeni kreditlər ala bilməyəcəklər. Eləcə də kredit verilərkən vətəndaşların digər şəxsər üçün zamin olmaları da nəzərə alınacaq. Fins.az-ın məlumatına görə, bu qayda Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən təsdiqlənən «Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik» sənədində bildirilir. Sənədə əsasasən kredit müraciətlərinə baxan banklar müştərilərin ödəmə qabiliyyətini və kreditin təyinatını daha ciddi araşdıracaqlar.

Müştərilər yeni üsulla qiymətləndiriləcək

Müştərini qiymətləndirərkən müxtəlif etibarlı mənbələrdən (gəlirini təsdiq edən sənəd, bank hesabından çıxarış, əmlakı üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər, Mərkəzləşdirilmiş Kredit Reyestrinin arayışı və s.) bəzi məlumatlar hökmən toplanmalıdır. Bura:

- gəlirin məbləği və mənbəyi;

- öhdəlikləri və xərcləri;

- kredit tarixçəsi;

- kredit məhsulunun əldə edilməsi ehtiyacı və məqsədi;

- istehlakçının yaşı və himayəsində olan şəxslərin sayı;

- gələcəkdə müştərinin maliyyə vəziyyətinə təsir edəcək gözlənilən əhəmiyyətli dəyişikliklər;

-əldə olunacaq kreditin digər borclara yönəldiləcək hissəsi.

Bank işçiləri bu məlumatların dəqiqliyini müxtəlif üsullarla dəqiqləşdirməli və düzlüyünə əmin olmalıdırlar. Yalnız bundan sonra kredit üçün müraciətə baxılacaq. Bu məlumatlardan hansısa təqdim edilməsə, müştərinin müraciətinə ümumiyətlə baxılmayacaq.

Zaminlik də nəzərə alınacaq

Yeri gəlmişkən, müştərinin borcları yoxlananda təkcə banka olan öz kreditləri deyil, zamin dayandığı kreditlər də nəzərə alınaaq. Belə ki, həmin kredit üzrə aylıq ödənişlər də nəzərə alınacaq. Belə ki, həmni kredit üzrə aylıq ödənişin məbləği həmin krediti götürən şəxsin və ona zamin dayananların ümumi sayına bölünəcək.

Borclar 50%-i keçərsə kredit veriməyəcək

Sənədə əsasən bundan sonra kredit üçün müraciət edən müştərilərin ödəmə qabliyyəti yeni formada qiymətləndiriləcək. Bu məqsədlə banklar müştərilərin aylıq borc yükünün gəlirə nisbətini göstərən BYG əmsalından istifadə edəcəklər. Bu əmsal müştərinin indiyədək mövcud olan kreditlər üzrə aylıq ödənişlərinin onun aylıq gəlirlərinə nisbətini göstərir. BYG əmsalı aşağıdakı düsturla hesablanır:

Aylıq borc yükü + yeni kredit üzrə aylıq ödəmə

BYG əmsalı = ------------------------------------------------------------------- X 100%.

Borcalanın gəlirləri

Əgər məlum olsa ki, müştərinin aylıq ödənişləri aylıq gəlirinin 50%-dən artıqdır, onda bu kredit müraciətinə imtina cavabı veriləcək. Sənədə əsasən istənilən qərar barədə müştərifə dəqiq və ətraflı məlumat verilməli, onu gözləyən risklər və artıq borclanmanın mənfi nəticələri ona izah edilməlidir.

Kredit təyinata uyğun olmalıdır

«Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik» sənədinə əsasən, banklar müştərinin ödəmə qabiliyyəti ilə yanaşı, kreditin təyinatına uyğunluğunu da yoxlamalıdırlar. «Kredit məhsulunun təyinata uyğunluğu qiymətləndirilərkən kredit təşkilatı təqdim olunmuş məlumat əsasında təklif olunacaq kredit məhsulunun və onun şərtlərinin istehlakçının ehtiyac və məqsədlərinə uyğunluğunu nəzərdən keçirməli və sənədləşdirməlidir. Əgər qiymətləndirmə zamanı kreditin şərtləri müştərinin tələblərinə, məqsədlərinə və ehtiyaclarına cavab verməyəcəyi müəyyən olunursa kredit təyinata uyğun hesab edilmir. Kreditin təyinata uyğunluğunun qiymətləndirilməsinin şərtləri eynilə zaminə də şamil olunur.

Bütün bankların siyasəti olmalıdır

Sənədə əsasən bütün banklar və bank olmayan kredit təşkilatları Məsuliyyətli kreditləşmə siyasəti hazırlamalıdırlar. Bu sənəd bankın Müşahidə Şurası tərəfindən təsdiq edilməli və icra edilməlidir. Bu siyasətin icrası azı ildə bir dəfə müzakirə olunmalıdır.

Yeni məhsullara əvvəlcə AMB baxmalıdır

«Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik» sənədində bildirilir ki, bundan sonra banklar yeni kredit məhsulu hazırlayarkən bu barədə AMB-ə məlumat verilməlidir. «Kredit təşkilatı yeni kredit məhsulunu ictimaiyyətə təqdim etməzdən 10 iş günü əvvəl həmin məhsulun xüsusiyyətləri barədə Mərkəzi Banka yazılı məlumat verməlidir»-deyə sənəddə göstərilir.

«Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik» sənədilə buradan tanış olmaq mümkündür.