Azərbaycan Mərkəzi Bankı banklarda korporativ sosial məsuliyyətin artırılması, istehlakçıların maliyyə vəziyyətinə, ehtiyac və məqsədlərinə uyğun məhsulların təqdim edilməsi üçün yeni qərar qəbul edib.
AMB İdarə Heyətinin qərarı ilə “Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik” təsdiq edilib. Fins.az-ın məlumatına görə, sənəddə banklara istehlakçıların aylıq borc yükünün onların gəlirlərinə uyğunluğunun müəyyənləşdirilməsi, eləcə də kredit şərtlərinin istehlakçıların ehtiyac və məqsədlərinə uyğunluğunun qiymətləndirilməsi üzrə tövsiyələr verilib.
AMB-da hesab edirlər ki, Metodoloji Rəhbərliyin tətbiqi kredit təşkilatlarında məsuliyyətli kreditləşmə, istehlakçılarda isə məsuliyyətli borclanma vərdişlərini inkişaf etdirməklə əhalinin izafi borclanmasının qarşısının alınmasına xidmət edəcək. «Metodoloji Rəhbərliyin qəbulu istehlak kreditləşməsi sahəsində vahid yanaşmanın tətbiqi istiqamətində mühüm addımdır»-deyə açıqlamada bildirilir.