30 Oktyabr

Ən bahalı kredit bu bölgələrdə verilir - SİYAHI

Bu ilin 1-ci yarısının yekunlarına görə, Azərbaycan banklarının ayırdığı kreditlərin orta illik faiz dərəcəsi 13,3% olub. Bu barədə Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Qurumun açıqlamasına görə, manatla kreditlər orta hesabla 13,5%-lə, xarici valyutada kreditlər isə 12,2%-lə verilib.

Ölkədə ən bahalı kreditlər həmişəki kimi cənub bölgəsində - Lənkəran iqtisadi rayonunda ayrılır – illik 24,1%-lə. Faiz dərəcəsinə görə növbəti yerlərdə Dağlıq Şirvan (23,3%) və Aran (23%) iqtisadi bölgələri dayanır.

Kreditlərin orta illik faiz dərəcəsi Şəki-Zaqatalada 22%, Quba-Xaçmazda 20,8%, Kəlbəcər-Laçında 19,9%, Gəncə-Qazaxda 19,7%, Yuxarı Qarabağda 19,6%, Abşeronda 19,4%-dir. Azərbaycanda ən ucuz kreditləri isə Bakıda və Naxçıvanda yaşayanlar alıb – müvafiq olaraq illik 11,8% və isə 14,5%-lə.

Regionların adı

Kreditlərin orta illik faiz dərəcəsi

2015-in əvvəli

2015-in ilk 6 ayı

Azərbaycan

13,7%

13,3%

Bakı

12,3%

11,8%

Abşeron

18,3%

19,4%

Aran

21,3%

23,0%

Dağlıq Şirvan

23,2%

23,3%

Gəncə-Qazax

21,7%

19,7%

Quba-Xaçmaz

20,1%

20,8%

Lənkəran

22,9%

24,1%

Şəki-Zaqatala

21,1%

22,0%

Yuxarı Qarabağ

20,8%

19,6%

Kəlbəcər-Laçın

25,6%

19,9%

Naxçıvan

13,8%

14,5%

Mərkəzi Bank bildirir ki, 2014-cü ilin yekunları müqayisədə son 6 ayda kreditlər orta hesabla 0,4% ucuzlaşıb. Amma bu azalma əsasən Bakının hesabınadır - kreditlərin böyük hissəsinin verildiyi Bakıda faiz dərəcələri son 6 ayda 0,5% azalıb.

Ayrı-ayrı regionlara gəlincə, 7 bölgədə kreditlər bahalaşıb, 4 bölgədə isə ucuzlaşıb. Ən böyük azalma Kəlbəcər-Laçın bölgəsində qeydə alınıb. Burada kreditlərin illik faiz dərəcəsi 5,7% aşağı düşüb. Ucuzlaşma Bakıda 0,5%, Gəncə-Qazaxda 2%, Yuxarı Qarabağda 1,2% olub.

Əksər regionlarda isə kreditlərin orta illik faiz dərəcəsi artıb. Məsələn, bahalaşma Abşeronda 1,1%, Aranda 1,7%, Dağlıq Şirvanda 0,1%, Quba-Xaçmazda 0,7%, Lənkəranda 1,2%, Şəki-Zaqatalada 0,9%, Naxçıvanda isə 0,7%-dir.