Zakir Nuriyev Azərbaycanda kollektor agentliklərinin artmasını vacib sayır.
Azərbaycan Banklar Assosiasiyası (ABA) bank sektorunda baş verən proseslərin yanlış başa düşülməməsi üçün bu sahədə görülən işlər və keçirilən görüşlər haqda mətbuat və ictimaiyyəti mütəmadi məlumatlandırmaq niyyətindədir. Bu barədə fins.az-a ABA-nın yeni seçilmiş prezidenti Zakir Nuriyev bildirib. ABA rəhbəri bank sektorunda baş verən proseslərə də münasibətini açıqlayıb.
- Zakir müəllim, Azərbaycanda bank kreditlərinin azalmasını səbəbini necə izah edərsiniz? Bankların kredit vermək üçün vəsaiti yoxdur, yoxsa kredit götürmək istəyənlər azdır?
- Mən deyərdim ki, bankların likvidlik problemi var. Doğrudur, Azərbaycan Mərkəzi Bankının statistikası kredit qoyuluşunun azaldığını göstərir, amma bu pulun çatmaması ilə bağlı deyil. Bu gün banklarda izafi vəsaitlər var. Son nəticədə banklar xarici valyutada (əsasən dollarda) yerləşdirilən əmanətlər üzrə illik faiz dərəcəsini 4-4,5%, nadir hallarda isə 7-7,5% səviyyəsində müəyyən ediblər. Manatla olan əmanətlərdə isə bu rəqəm 9-12%-dir. Yəni, vəsait çatışmazlığı problemi olsaydı banklar əmanətləri daha yüksək faizlə qəbul edərdilər ki, pula olan tələbatlarını ödəsinlər. Sadəcə bu ilin fevralındakı devalvasiyadan sonra əhali banklardakı əmanətlərini dollara çevirdi və bankların əsas maliyyə qaynaqları da əmanətlər olduğundan təklif olunan kreditlər də təbii olaraq əsasən xarici valyutadadır, amma milli valyuta ilə də kredit verən banklar var.
- Mərkəzi Bank ölkədə iqtisadi aktivliyi təmin etmək üçün banklardan kreditlərin illik faiz dərəcəsini, eləcə də komisyon haqqını azaltmağı tələb edir. Bu isə bankların gəlirini azaldıb. Bununla bağlı bankların hansısa təklifi varmı? Yəni ortaq məxrəc tapmaq mümkündürmü?
- Birmənalı şəkildə ortaq məxrəc artıq tapılıb. Həm kreditlərin illik faiz dərəcəsinin, həm də komisyon haqqının aşağı salınmasına dair qərarı Mərkəzi Bank bankların iştirakıyla qəbul edib. İyulun 10-da Mərkəzi Bank rəsmilərinin, ölkənin aparıcı banklarının rəhbərlərinin, eləcə də Azərbaycan Sahibkarlar Konfederasiyasının Maliyyə institutları ilə iş üzrə komissiyasının nümayəndələrinin iştirakıyla görüş keçirilmişdi. Həmin görüşdəki müzakirələrin nəticəsi olaraq qərara alındı ki, hər iki istiqamətdə faizlər azaldılsın. Məsələn, kreditlər illik 29%-dən baha olmasın. Bu da Mərkəzi Bankın inzibati qərarı deyil, qarşılıqlı razılıq əsasında qəbul edilmiş qərardır. Sadəcə mətbuatda və ictimaiyyətdə yanlış fikir yarandı. Bunun qarşısını almaq üçün avqustun 7-də Azərbaycan Banklar Assosiasiyasının yığıncağında qurumun Rəyasət Heyəti qərara aldı ki, bank sektorunda baş verən proseslər, keçirilən görüşlər haqda mətbuat və ictimaiyyət mütəmadi olaraq məlumatlandırılsın.
- Azərbaycanda bəzi bankların problemlə üzləşməsi sirr deyil. Bu vəziyyət bankların birləşməsini sürətləndirə bilərmi?
- Bu məsələ son illər geniş müzakirə olunur. Hazırda əmanətlərin və kreditlərin faiz dərəcələrinin azaldığı, bank sektorunda gəlirliliyin azaldığı, risk amilinin yüksəldiyi şəraitdə daha yaxşı kapitallaşmış banklara ehtiyac yaradır. Buna görə də, zəif kapitallaşmış bankların, eləcə də bank olmayan kredit təşkilatlarının (BOKT) güclü banklarla birləşməsi mümkündür, buna maraq da var və müzakirələr gedir. Amma bu məsələnin reallaşması elə də asan olmadığından konsalidasiya barədə dəqiq fikir söyləmək çətindir. İlin sonuna qədər hansısa bankların birləşməsi mümkün olmasa da, bəzi BOKT-ların banklara birləşməsi ola bilər.
- Azərbaycanda problemli kreditlər getdikcə artır. Bu məsələni banklar özləri həll edə bilir yoxsa kollektor agentliklərinin köməyinə ehtiyac var?
- Problemli kreditlərin artması öz yerində, amma kollektor agentliyi institutlarının yaranması, formalaşdırılması müsbət haldır. Çünki bankları onlara aid olmayan fəaliyyət sahəsindən uzaqlaşdırmaq lazımdır. Problemli kreditlərin yığılması işinin kollektorlara, hüquq şirkətlərinə həvalə olunması bankların işini xeyli asanlaşdırar. Azərbaycanda buna ehtiyac var. Bununla bağlı qanunun qəbulu, kollektor şirkətlərinin formalaşması pis olmaz. Bu təcrübə əksər ölkələrdə, lap elə qonşu Rusiyada da var.
- Mərkəzi Bank uçot dərəcəsini getdikcə azaldır. Banklar ucuz vəsaitdən nə dərəcədə faydalana bilir?
- Mərkəzi Bankın vəsaitləri banklar üçün son maliyyələşmə mənbəyi deyil, amma ehtiyac duyduqda banklar ucuz vəsaitlərdən faydalanırlar. Azərbaycanda uçot dərəcəsi yaranmış şəraitə uyğun olaraq azaldılır. Yəni, ölkə iqtisadiyyatında zəifləmə, kreditləşmədə azalma olduqda Mərkəzi Bank faiz dərəcəsini azaldır. Bundan da bankların bir qismi faydalanır.
- Bəs bank sektoru qiymətli kağızlar bazarının imkanlarından nə dərəcədə faydalanır?
- Azərbaycanda kapital bazarının iştirakçılarına nəzər yetirsək görərir ki, onlar əsasən banklar və onların törəmə şirkətləri olan broker(investisiya) təşkilatlarıdır. Dövlət qiymətli kağızlarından sonra ən çox alınıb-satılan istiqrazlar isə məhz banklara məxsusdur.