30 Oktyabr

“Azərbaycan Kredit Bankı”nın ləğv edilməsi başlandı

Azərbaycan Mərkəzi Bankı bir qədər əvvəl lisenziyası ləğv edilmiş “Azərbaycan Kredit Bankı”nın ləğv edilməsi prosesinə start verib.
Fins.az-in məlumatına görə, bu barədə AMB-nin rəsmi mətbuatdakı elanında bildirilir.
Elanda deyilir: «Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 10 iyul 2015-ci il tarixli 27 saylı qərarı ilə “Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyası ləğv olunmuş, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 iyul 2015-ci il tarixli 2-1(81)-3854/2015 saylı qərarı ilə:
“Azərbaycan Kredit Bankı” ASC-nin məcburi ləğv edilməsi; “Azərbaycan Kredit Bankı” ASC-nin ləğvedici qismində “Azerbaijan İnternational Consultinq Company” MMC-nin təyin edilməsi qərara alınmışdır (ləğvedicinin hüquqi ünvanı: Bakı şəhəri, Mətbuat prospekti 18/7, 539-cu məhəllə. Tel: 012-439-47-22; 012-439-73-17).
Ləğvetmə prosesi “Azərbaycan Kredit Bankı” ASC-nin baş ofisində- Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 167A nömrəli (əvvəlki Nizami, 111) ünvanda həyata keçirilir.
Qeyd etmək lazımdır ki, “Banklar haqqında” Azərbaycan Respublikası qanununun 59.5 , 59.5.1, 59.5.2-ci maddələrinə müvafiq olaraq bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında məhkəmə qərarının qəbul edildiyi anda bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri ləğvediciyə keçir və bununla əlaqədar olaraq bank inzibatçılarının və ya səhmdarlarının bank adından etdikləri hərəkətlər hüquqi qüvvəyə malik olmur».
Ləğv prosesində olan “Azərbaycan Kredit Bankı”ASC-nin ləğvedicisi “Azerbaijan İnternational Consultinq Company” MMC-dir.