30 Oktyabr

“Bank Technique”də ödəniş problemi yaranıb

“Bank Technique”də yeni problemlər yaranıb. Fins.az-ın məlumatına görə, müxtəlif təşkilatların bankla əməkdaşlığı dayandırması ilə yanaşı, bankın xidmətlərində də kəskin məhdudiyyətlər qoyulub.

Ödənişlər ünvanına çatmır

Son məlumatlara görə, artıq “Bank Technique”dan müxtəlif məqsədlə həyata keçirilən ödənişlər ünvanına çatmamağa başlayıb. Söhbət vergi, DSMF-ə ödənişlər, telefon və digər xidmət haqlarının bank vasitəsilə ödənişlərindən gedir. Hətta gecikməyə görə penyaların hesablanmasına da başlanıb. Bəzi müştərilər bir neçə gün əvvəl həyata keçirdikləri ödənişlərin ünvanına çatmadığından xəbər tutan kimi banka müraciət etməyə başlayıblar. Bankdan isə bildiriblər ki, ödənişlər hesabda pul olmadığına görə ləngiyir. Yeri gəlmişkən, bəzi hallarda isə bankın əməliyyatçıları ödəmə aparmaq üçün yaxınlaşan müştərilərə onsuz da ödənişin aparılmayacağı barədə xəbərdarlıq edirlər.

Kartdan pul çıxarılması məhdudiyyəti kəskinləşdi

Fins.az-ın xəbər verdiyi kimi, bir neçə gün əvvəl “Bank Technique”nin plastik kartlarından pul çıxarılması ilə bağlı məhdudiyyət tətbiq edilmişdi. Yeni qaydalara görə, kartdan gün ərzində maksimum 200 manat çıxarılması mümkündür. İndi isə məhdudiyyətin yeni təfərrüfatları üzə çıxıb. Belə ki, kartdan daha artıq vəsait çıxarmaq istəyən müştərilər bu barədə əməliyyat şöbəsinin rəhbərliyinə müraciət edərək «artıq» pul çıxarmaq istəklərini «əsaslandırmalıdırlar». Müştərinin gətirdiyi dəlillər qaneedici olsa, əlavə pul çıxarılmasına icazə verilir. Bununla yanaşı, müştərilərə xəbərdarlıq edilir ki, kartdakı pulu bütünlüklə çıxarsalar, kart bağlanacaq.

Notariusların depozit hesabı da bağlandı

“Bank Technique”in notariuslarla əməkdaşlığı da faktiki olaraq dayanıb. Xəbər verildiyi kimi, artıq notariat kontorlarında dövlət rüsumları “Bank Technique”in ödəniş terminalları ilə qəbul edilmir. İndi isə məlum olub ki, əmlak alqı-satqısı üçün istifadə olunan depozit hesabları da bu bankdan çıxarılıb. Qeyd edək ki, əmlak alqı-satqısı zamanı alıcının ödədiyi məbləğ əvvəlcə bu hesaba köçürülür. Sabahı gün isə satıcı həmin hesabdan məbləği çıxarır. İndi isə məlum olub ki, artıq bu hesablar “Bank Technique”də olmayacaq. İlikin məlumatlara görə, bu hesablar «Azər-Türk Bank»a köçürüləcək.

Bank vəziyyətə şərh vermir

Ən maraqlısı budur ki, “Bank Technique”nin özündə vəziyyəti şərh etməkdən boyun qaçırırlar. Bankın marketinq departamentindən fins.az-a bildirilib ki, məlumatlara şərh verə bilməyəcəklər və bu barədə yalnız gələn həftə açıqlama verə bilərlər.