30 Oktyabr

Dünya Bankının Azərbaycanla bağlı yeni strategiyası təsdiqləndi

Dünya Bankı Qrupunun İcraçı Direktorlar Şurası bugün Azərbaycan üçün 2015-2020-ci illər üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsini (ÖTÇ) müzakirə edib və təsdiqləyib. Dünya Bankından fins.az-a verilən məlumata görə, ÖTÇ Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və İnvestisiya Zəmanətləri üzrə Çoxtərəfli Agentliyin (MIGA) daxil olduğu Dünya Bankı Qrupunun 5 illik birgə strategiyasını özündə əks etdirir. Bu strategiya davamlı, inkluziv və özəl sektora əsaslanan inkişaf yolunda Azərbaycana dəstək vermək məqsədi daşıyır.

ÖTÇ Dünya Bankı Qrupunun ölkənin qısa və uzun müddətli perspektivdə qarşılaşdığı iqtisadi şəraitin, sınaq və məhdudiyyətlərin əhatəli təhlilini ehtiva edən Azərbaycan üzrə Sistemli Ölkə Diaqnostikasına əsaslanır. Bu, həmin məhdudiyyətlər arasından seçilmiş problemləri aradan qaldırmağa kömək edən, Azərbaycanın inkişaf prioritetləri və Dünya Bankı Qrupunun yoxsulluğun azaldılması və ümumi rifahın yüksəldilməsindən ibarət olan qlobal qoşa məqsədlərlə uzalaşan proqramı təşkil edir.

Son onillik ərzində Azərbaycan yoxsulluğun azaldılması və ümumi rifahın yüksəldilməsi istiqamətində inanılmaz irəliləyişə nail olmuşdur. Yoxsulluq səviyyəsi 2000-ci illərin əvvəllərindəki əhalinin təqribən 50%-dən 2013-cü ildə 5%-nə azalmış, və bu proses orta sinfin həmin dövr ərzində əhalinin 4%-dən 29%-nə qədər böyüməsi ilə müşayiət olunmuşdur. Bu nailiyyətlər,əsas etibarı ilə, ildə orta hesabla 13% təşkil etmiş iqtisadi artımla xarakterizə olunan müstəsna iqtisadi göstəricilər və dövlət xərclərinin təmin edilməsi üçün neft gəlirlərindən istifadə edilməsi sayəsində əldə olunmuşdur. Cari aşağı neft qiymətləri, neft istehsalının azalması və qeyri-müəyyən regional iqtisadi perspektivlər mühitində Azərbaycan özəl sektorun mərkəzi rol oynayacağı yeni inkişaf modeli axtarışındadır.

“Dünya Bankı Qrupunun yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi Azərbaycan üçün sınaqlarla dolu olan, lakin doğru zamanda irəli sürülüb. Dövlət xərclərində səmərəlilik və yeni inkişaf modeli tələb edən təlatümlü qlobal iqtisadi mühitdə ÖTÇ Azərbaycana qoşa məqsədlər sahəsində əldə etdiyi uğurlarını qorumağa və daha da yüksəltməyə, ölkənin xarici sarsıntılara davamlılığını gücləndirməyə kömək edəcək” - deyə Dünya Bankının Regional Direktoru Henri Kerali bildirib.

ÖTÇ iki sahəyə diqqət ayırır: Dövlət Sektorunun İdarəedilməsi və Dövlət Xidmətlərinin Göstərilməsi və İqtisadi Rəqabət Qabiliyyəti. Bu sahələr səkkiz xüsusi məqsədlə dəstəklənir. ÖTÇ-nin ilk strateji fokus sahəsi çərçivəsində Dünya Bankı Qrupu ölkəyə dövlət resurslarının idarəedilməsi üçün potensialın gücləndirilməsi, dövlət xidmətlərinə çıxışın asanlaşdırılması və ekoloji aktivlərin keyfiyyətinin artırılması sahəsində yardım edəcəkdir. ÖTÇ-nin ikinci strateji fokus sahəsi çərçivəsində Dünya Bankı Qrupu seçilmiş infrastruktur şəbəkəsinin təkmilləşdirilməsi, ölkəndə maliyyə inkluzivliyinin artırılması, özəl sektorun qarşısında dayanan tənzimləmə yükünün azaldılması və kənd yerlərində iqtisadi fəaliyyətin dəstəkləməsi sahəsində köməklik göstərəcəkdir. İdarəetmə və gender mövzuları resursların səmərəli idarəedilməsi, sosial inkluzivlik və müxtəlif aktivlərin toplanması və sair üçün vacib əhəmiyyətə malikdir və ayrılıqda bütün ÖTÇ proqramı boyunca lazımi qaydada əhatə olunacaqdır.

ÖTÇ məqsədlərinə bir sıra davam edən əməliyyatlar, investisiyalar və texniki yardım kimi yeni müdaxilələr vasitəsilə nail olunacaqdır. Dünya Bankı Qrupu tərəfindən həyata keçiriləcək məşvərət və təhlil proqramları kredit layihələrini dəstəkləyəcək və hökumətin yaranan ehtiyaclarına “vaxtında” cavab verə biləcəkdir.

IFC-nin əsas diqqəti ÖTÇ-nin iqtisadi rəqabət qabiliyyəti gündəliyinin dəstəklənməsi, maliyyə inkluzivliyinin gücləndirilməsi, biznes mühitinin təkmilləşdirilməsi üçün təşəbbüslərin davam etdirilməsi və gücləndirilməsinə yönələcəkdir. IFC, həmçinin, əhəmiyyətli infrastruktur layihələri, kənd təsərrüfatı və digər ixrac-yönümlü sahələr də daxil olmaqla, real sektoru dəstəkləmək məqsədilə sərmayə və məsləhət imkanlarını araşdıracaqdır.

“Biz Azərbaycanın özəl sektoruna yeni iş yerlərinin yaradılması və inkişafa töhfə verməsi işində yardım etməyə davam edəcəyik. BMK-nın maliyyə sahəsindəki sərmayələri və məşvərət xidmətləri strateji prioritet olaraq qalacaqdır və bu, bütün ölkə boyu biznesin maliyyə vəsaitinə çıxış imkanlarını artırmağa yardım edəcəkdir. Biz, həmçinin, biznesin qarşısında duran tənzimləyici maneələrin azaldılmasına kömək edəcək və dövləti-özəl infrastruktur maliyyə mexanizmlərinin gücləndirilməsində hökumətə dəstək verəcəyik” - deyə IFC-nin Cənubi Qafqaz üzrə Regional Meneceri Jan van Bilsen bildirib. Azərbaycan 1992-ci ildə Dünya Bankına və 1995-ci ildə isə IFC-yə üzv olub. Keçən iki onillik ərzində Dünya Bankı ölkədə 55 layihənin həyata keçirilməsi üçün 3 milyard ABŞ dollarından çox vəsait ayırıb. Dünya Bankının Azərbaycanda cari sərmayə portfeli 2 milyard ABŞ dolları həcmində olan 16 layihəni əhatə edir.1995-ci ildən bəri IFC 54 uzun-müddətli maliyyə layihələri üzrə 365 milyon ABŞ dollarından çox sərmayə yatırıb və digər borc mənbələrindən əlavə 74 milyon ABŞ dolları cəlb edib. IFC, həmçinin, ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə ticarətə təqribən 77 milyon ABŞ dolları dəyərində dəstək vermişdir və özəl sektorun inkişafına yönələn məşvərət layihələri həyata keçirib.