Azərbaycan Əmanətlərin Sığortalanması Fondu “Azərbaycan Kredit Bankı”nın lisenziyasının ləğv edilməsi ilə əlaqədar bankın əmanətçilərinə kompensasiya ödəməyə hazırlaşmır. Fins.az-ın “Trend”ə istinadən yaydığı məlumata görə, bunu Fondun icraçı direktoru Azad Cavadov deyib. Onun sözlərinə görə, adı çəkilən bankın sığorta hadisəsi deyil, bu, məcburi ləğv etmədir: "Buna görə də bankın əmanətçilərinə kompensasiya ödənilməyəcək".
A.Cavadov qeyd edib ki, əgər bank ləğv olunarsa və ya o, əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilmirsə, Fond əhalinin əmanətlərini kompensasiya edir.
Bununla belə, icraçı direktor qeyd edib ki, "Azərbaycan Kredit Bankı"nın əmanətçilərə vəsaitlərini qaytarmaq üçün kifayət qədər vəsaiti var: "Bu bankda əmanətlərin həcmi təqribən 3,4 milyon manatdır. Bu, o qədər də böyük məbləğ deyil ki, vəsaitlərin qaytarılması ilə bağlı problem olsun".
O, diqqətə çatdırıb ki, bankda sığortalanmış əmanətlərin həcmi təqribən 1,4 milyon manat təşkil edir: "Fond yalnız bankın müflis olacağı təqdirdə həmin əmanətləri kompensasiya edə bilər".
Azərbaycan Mərkəzi Bankı iyulun 16-da "Azərbaycan Kredit Bankı"nın lisenziyasını geri çağırıb.