Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 10.07.2015-ci il tarixli iclasında “EvroBank” ASC-nin bank lisenziyasının ləğv edilməsi, “Azərbaycan Kredit Bankı” ASC-yə isə müvvəqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul edilib. AMB-dən fins.az-a verilən açıqlamada bildirilir ki, “EvroBank” ASC Mərkəzi Bankın minimum məcmu kapitalın artırılması üzrə tələblərə əməl etmir. Banka kapitallaşma və fəaliyyətində mövcud olan digər çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstərişlər verilməsinə baxmayaraq, bu müddət ərzində onlar icra edilməmişdir. Fəaliyyəti prudensial tələblərə cavab vermədiyinə görə banka təshih və təsir tədbirləri tətbiq edilərək lisenziyası məhdudlaşdırılmış, əmanətlərin qəbul edilməsi və hesabların aparılması, kreditləşmə fəaliyyəti qadağan edilmişdir. Bank sektorda və maliyyə vasitəçiliyində hər hansı əhəmiyyətli bir paya malik deyil. Hazırda bankda əhalinin əmanətləri də yoxdur.
“Azərbaycan Kredit Bankı” ASC-nin fəaliyyətində ciddi nöqsan və çatışmazlıqlar mövcuddur, bank qeyri-prudensial idarə olunur və Mərkəzi Bankın məcburi göstərişlərini icra etmir. Bankın kapitalı Mərkəzi Bankın minimum kapital tələblərindən aşağıdır. “Azərbaycan Kredit Bankı” ASC-nin də fəaliyyəti məhdudlaşdırılmışdır. Bankda əhalinin əmanətlərinin həcmi kiçikdir və onların tam icrası üçün bankda yetərli likvid vəsaitlər mövcuddur.
Mərkəzi Bankın bu tədbirləri bank sektorunda risklərin azaldılmasına, etimadın qorunmasına və bu yolla maliyyə vasitəçiliyinin genişləndirilməsinə və dəyərinin azalmasına yönəlib.