30 Oktyabr

“Azərbaycan Kredit Bankı” kapital problemini həll etməmişdi?

“Azərbaycan Kredit Bankı”nın fəaliyyətini məhdudlaşdıran Azərbaycan Mərkəzi Bankı (AMB) öz qərarını bir sıra səbəblərlə, o cümlədən bankın məcmu kapitalının tələb olunan səviyyədən, yəni 50 milyon manatdan az olması ilə izah edir. Bu isə istər-istəməz maraq doğurur.

Çünki, “Azərbaycan Kredit Bankı” bu il, martın 19-da yaydığı açıqlamada səhm emissiyası hesabına kapital problemini həll etdiyini bildirmişdi. Yəni, bank məcmu kapitalını artırmaq üçün hər birinin nominal dəyəri 224 manat olan 173 min səhm (38,782 milyon manatlıq) buraxmış, son nəticədə bankın kapital göstəricisi 11,4 milyon manatdan 50,2 milyon manata çatmışdı. Bankın yeni səhmlərinin onun öz səhmdarları tərəfindən alındığı bildirilirdi.

İndi isə məlum olur ki, “Azərbaycan Kredit Bankı”nın məcmu kapitalla bağlı problemi var. Fins.az-a açıqlama verən kredit təşkilatının baş mühasibinin müavini Hikmət Nəzirov isə deyir ki, onlar həqiqətən də kapital problemini həll ediblər və kapitalla bağlı irəli sürülən ittiham hələ ki, bank rəhbərliyinə aydın deyil: “Görünür AMB-nin məcmu kapitalın hesablanması bağlı öz metodologiyası var. Buna görə də kapitalımız az çıxıb”.