30 Oktyabr

“Bank of Baku” və “Unibank”dan geriyə addım

Azərbaycanda əsasən istehlak kreditləşməsi üzrə ixtisaslaşmış 2 bank kreditlərin illik faiz dərəcəsini azaldaraq əvvəlki səviyyəyə endirib. Fins.az-ın məlumatına görə, söhbət “Bank of Baku” və “Unibank”dan gedir.

Məsələ ondadır ki, bu banklar Azərbaycan Mərkəzi Bankının kreditlərə görə tutulan komisyon haqqının 1%-i keçməməsi barədə göstərişinə əməl etdikdən sonra kreditləri bahalaşdırmışdılar. Belə ki, “Bank of Baku” manatla verdiyi kreditlərin illik faiz dərəcəsini 32-34%-dən 35-39%-ə, dollarla verdiyi kreditlərin illik faiz dərəcəsini isə 28-30%-dən 34-38%-ə qaldırmışdı. “Unibank” isə manatla kreditlər 32%-dən 40%-ə qədər, dollarla kreditlər isə 26-28%-dən 35%-ə bahalaşmışdı.

Fins.az-ın bu məsələni gündəmə gətirməsindən sonra hər iki bankın tətbiq etdiyi faiz dərəcələri geniş ictimai müzakirələrə səbəb olduğundan, həm “Bank of Baku”, həm də “Unibank” geriyə addım ataraq faizləri azaldıb.