Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov ölkədəki kommersiya banklarının rəhbərləri ilə görüş keçirib. AMB-dən fins.az-a verilən məlumata görə, görüşdə bank sektorunun bir sıra aktual məsələləri, o cümlədən maliyyə xidmətlərinə çıxış, faiz dərəcələri və məsuliyyətli kreditləşmə ətraflı müzakirə olunub.
Ölkənin baş bankiri bildirib ki, Azərbaycanda kreditləşmə ilə bağlı sosial məsuliyyətinin gücləndirilməsi, kredit siyasətində ölkənin iqtisadi inkişaf prioritetlərinin və hədəflərinin nəzərə alması daima bankların diqqətinə çatdırılsa da, kredit faizləri və onunla əlaqəli digər xidmət haqlarının azaldılması templəri qaneedici deyil. Cənab Rüstəmov bununla bağlı mövqeyini banklara bildirib, hər istiqamət üzrə konkret tapşırıqlar verib. Onun sözlərinə görə, banklar qeyd olunan istiqamətlərdə bütün imkanlardan və resurslardan istifadə etməlidir. O cümlədən, istehlak kreditləşməsi zamanı komisyon haqlarının 1%-lə məhdudlaşmasının kreditlər üzrə real effektiv faiz dərəcəsini əhəmiyyətli azaldacağı diqqətə çatdırılıbr.
Bankirlər isə bu mövqe və tapşırıqları anlaşıqlı qarşılayıb, konstruktiv mövqe nümayiş etdiriblər. Bu istiqamətdə verilən tapşırıqlar da nəzərə alınmaqla banklar kompleks işlərin görüləcəyini qeyd ediblər.
Görüşdə bankların resurslarının dəyərinin ucuzlaşdırılması, risklərin azaldılması, xərclərin optimallaşdırılması və onların faiz dərəcələrinə təsiri kimi məsələlər təhlil edilibr. Bu istiqamətdə AMB-nin gördüyü işlər, o cümlədən planlaşdırılan əlavə tədbirlər barədə banklar məlumatlandırılıb.
AMB bəyan edib ki, kredit faizlərinin azaldılması istiqamətində banklarla birgə iş davam etdiriləcək.