30 Oktyabr

Eldar Qəribov "Unibank"ın səhmlərini Cəlal Qasımovdan aldı

Bakı Fond Birjası “Unibank”nın imtiyazlı səhmləri üzrə insayder sövdələşməsi haqqında məlumat açıqlayıb. Fins.az-ın Contact.az-a istinadən yaydığı məlumata görə, bu, son bir il yarım ərzində ilk belə məlumatdır.

Məlumata görə, bu il iyunun əvvəlində bankın Müşahidə Şurasının sədri Eldar Qəribov “Unibank”ın 183 825 ədəd imtiyazlı səhmini 2,91 manatdan (nominal dəyəti 2,72 manat) alıb. Satış tərəfi haqda məlumat isə açıqlanmır. Lakin məlumdur ki, məhz bu sayda səhmi 2013-cü ilin sentyabrında “Unibank”ın o zamankı icraçı direktoru Cəlal Qasımov alıb. Bu ilin mayında o, “PAŞA Holdinq” MMC-nin bank qrupunun rəhbəri, həmçinin “Kapital Bank”ın (“PAŞA Holdinq” qrupunun üzvü) Müşahidə Şurasının sədri təyin edilib. Alqı-satqı haqqında əqd isə C.Qasımovun “Kapital Bank”-da vəzifəsinin icrasına başlanmasından sonra bağlanıb.

Bu əqddən öncə E.Qəribov “Unibank”da 68,34% adi və imtiyazlı səhmə sahib olub. Bankın səhmdarları həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniya İnvestisiya Korporasyası (8,33%), həmçinin yerli və xarici fiziki və hüquqi şəxslərdir.

Dövriyyədə 20,796 milyon ədəd sadə və 5 milyon 147,1 min ədəd imtiyazlı səhm var. Bankın ödənilmiş nizamnamə kapitalı 70,5 milyon manatdır.