Azərbaycan Mərkəzi Bankının (AMB) istehlak kreditlərinin rəsmiləşdirilməsində bank xidmətlərinə görə komissiya yığımlarının məhdudlaşdırılması barədə qərarı onların verilməsi prosesinə təsir etməyəcək. Fins.az-ın “Trend”ə istinadən yaydığı məlumata görə, bu barədə ölkənin riteyl-bazarının ən iri banklarından biri olan “Kapital Bank” ASC-dən deyiblər.
Bankdan bidiriblər ki, biz hətta milli valyutanın devalvasiyasından (2015-ci il fevralın 21-də manatın məzənnəsi təqribən 34 faiz artmışdı) sonra kreditlərin verilməsini dayandırmadıq: "Hərçənd məzənnənin dəyişməsi güclü olmasa da, banka təsir etdi. Hesab edirəm ki, bu qərar bankın kredit fəaliyyətindən gəlirlərinə təsir edəcək, lakin biz istehlak kreditlərinin verilməsini dayandırmağa hazırlaşmırıq. Çünki maliyyə sabitliyimiz bizə bu istiqamətdə işimizi davam etdirməyə imkan verir”.
"Kapital Bank"dan qeyd ediblər ki, indiyədək kreditlər üzrə komissiya yığımlarının həcmi onların verilməsindən asılı olaraq 3-6 faiz arasında təşkil edib, lakin bank vaxtaşırı olaraq müxtəlif kredit aksiyaları keçirir, aksiyaların şərtlərindən biri isə komissiyanın azaldılmasıdır.
Bankdan onu da bildiriblər ki, bazarda istehlak kreditlərinin rəsmiləşdirilməsi zamanı bank xidmətlərinə görə komissiya yığımlarının orta hesabla həcmi onların verilmə müddətindən asılı olaraq 3-7 faiz təşkil edir: "Hazırda banklar komissiyanı 1 faizə endirmək məcburiyyətində qalacaqlar. Bunun banklara necə təsir edəcəyini indi söyləmək olduqca çətindir. Lakin bu, birmənalı olaraq onların gəlirlərinin azalmasına gətirib çıxaracaq”. "Kapital Bank"dan verilən məlumata görə, AMB-nin qərarı onlar üçün çox gözlənilməz oldu və bank rəhbərliyi gələcək kredit fəaliyyəti barədə hələ konkret qərar qəbul etməyib: “Bu olduqca gözlənilməz qərardır. Bir neçə ay əvvəl 2015-ci il üçün planlara baxarkən biz bu faktoru nəzərə almadıq, çünki bunun üçün heç bir ilkin şərait mövcud deyildi. Əgər AMB belə bir qərar qəbul edibsə, deməli o nəyəsə əsaslanır. Hələ bu məsələ ilə bağlı konkret qərarımız yoxdur, lakin biz yaxın gələcəkdə fəaliyyət istiqamətini dəyişməyə hazırlaşmırıq”.
“İstehlak kreditlərinin rəsmiləşdirilməsi zamanı bank xidmətlərinə görə komissiyanın azaldılması kreditlər üzrə faiz dərəcələrinin artmasını stimullaşdıra bilər”. Bunu isə Azərbaycan Bank Tədris Mərkəzinin rəhbəri Cavanşir Abdullayev deyib. Onun sözlərinə görə, təbii ki, bu, bankların komissiya gəlirlərinə mənfi təsir edəcək: "Çünki onların bəziləri 5-7 faiz həcmində komissiya haqqı tətbiq edirdilər və mümkün itkiləri kompensasiya etmək üçün banklar kreditlər üzrə faiz dərəcələrini artıra bilərlər".
Bununla belə, C.Abdullayev hesab edir ki, Azərbaycan banklarında kreditlərin rəsmiləşdirilməsində komissiya digər ölkələrlə müqayisədə xeyli yüksəkdir: "Digər ölkələrdə kreditlər üzrə faiz dərəcələri 5-7 faiz arasında dəyişir, bizdə isə belə faiz dərəcələri komissiya yığımlarında tətbiq edilir. Azərbaycan Mərkəzi Bankı son 3 ildə bir neçə dəfə bankları komissiya ödənişini və kreditlər üzrə faiz dərəcələrini azaltmağa çağırmışdı. Bəzi banklar Mərkəzi Bankın tövsiyələrini nəzərə alsalar da, bu, kütləvi xarakter daşımadığından AMB inzibati tədbirlərə əl atmaq məcburiyyətində qaldı".
O, əlavə edib ki, komissiya yığımlarının azaldılması kreditləşmənin dayandırılması və ya məhdudlaşdırılmasına səbəb olmamalıdır.