30 Oktyabr

“Manatın məzənnəsi sərbəst buraxılmalıdır”

Azərbaycanda manatın məzənnəsi sərbəxt buraxılmalıdır. Fins.az-ın “Report”a istinadən yaydığı məlumata görə, bu fikirlə Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono çıxış edib: “Bizim fikrimizcə, məzənnəni bazarın tənzimlənməsinə sərbəst buraxmaq olardı. Çünki bu, ilk devalvasiya idi və sonra, sözsüz ki, daha bir devalvasiya ola bilər. Bu isə bir problemin iki dəfə yaşanması deməkdir. Ancaq vəziyyəti bazara həvalə edəndə, şok bir dəfə yaşanır və bir müddət sonra iqtisadi inkişafa nail olunur. Lakin bu məsələnin başqa tərəfi də var - Azərbaycanın maliyyə sektorunun bu təzyiqə hazır olması məsələsi çox önəmlidir. Məzənnənin birdən-birə sərbəst buraxılması fərqli bir nəticələrə səbəb ola bilərdi. Bəzən maliyyə sektoru bu şokun təsirindən 1-3 ilə özünə gəlir, bəzən isə bərpa prosesi 7-8 il davam edir”.

AİB rəsmisi ölkə banklarının məzənnə dəyişikliyinə hazır olmasının vacibliyini də vurğulayıb: “Türkiyənin özündə bu proses bir neçə dəfə yaşanıb - 2004, 2008, 2012-ci illərdə. Hər dəfə də bir neçə bank bazardan çıxıb. Buna görə də, nəzərə alınmalı olan məsələ bank sektorunun belə təsirlərə hazırlıqlı olmasıdır. Əgər Mərkəzi Bank belə qərar veribsə, deməli, bu daha önəmli olub. Güman edir ki, doğru qərar verilib. Lakin hər bir halda isrtənilən qərarın sonrakı çətinlikləri var”.