30 Oktyabr

Dollar kreditləri ilə bağlı qərar verildi

Mayın 15-də Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçirilib. Fins.az-ın məlumatına görə, qurumun sədri Fərhad Abdullayevin iştirakı ilə baş tutan iclasda bu ilin fevral ayında Azərbaycanda manatın kəskin ucuzlaşdırılmasından sonra xarici valyutada olan kredit borclarının hansı məzənnə ilə qaytarılması məsələsi müzakirə olunub, Mülki Məcəllənin 439.1, 439.2 və 439.7-ci maddələrinin Konstitusiyaya uyğun olub-olmaması şərh edilib və qərar qəbul edilib.

Qərara əsasən, 439.1-ci müddədəki “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” və 439.2-ci maddədəki “əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir” müddəaları Konstitusiyanın 19-cu maddəsinin III hissəsinin (ölkə ərazisində manatdan başqa digər pul vahidlərinin məhz ödəniş vasitəsi kimi işlədilməsini qadağan edir) tələbləri ilə ziddiyyət təşkil etmir.

Çünki Konstitusiyasının 19-cu maddəsinin III hissəsi “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur.

Həmçinin Mülki Məcəllənin 439.1-ci maddəsindəki “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur.

Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir.

Mülki Məcəllənin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur.

Başqa sözlə, Konstutisiya Məhkəməsi Azərbaycanda xarici valyutada götürülmüş kreditlərin yeni məzənnə ilə ödənilməsinə (bankların xeyrinə) qərar verib. Qurum yalnız bankların maliyyə imkanlarından asılı olaraq əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə ödəniş müddətinin uzadılmasını, illik faiz dərəcələrinin aşağı salınmasını və digər güzəştli şərtlərin tətbiqini məqsədəuyğun hesab edib.