30 Oktyabr

“Royalbank”ın sığortalı əmanətçilərindən hələ də pulunu almayanlar var

3 il bundan əvvəl fəaliyyəti dayandırılmış “Royalbank”da sığortalı əmanəti olanların heç də hamısı pulunu geri almayıb. Bu barədə fins.az-a Əmanətlərin Sığortalanması Fondunun (ADİF) təhlil və risklərin idarə edilməsi üzrə iqtisadçısı Elçin Niftiyev məlumat verib. Onun sözlərinə görə, bankda sığortalı əmanətlərin ümumi məbləği 14,7 milyon manat olsa da, bu pulun 13,2 milyon manatı sahibləri tərəfindən geri götürülüb:
“Bank bağlanandan sonra biz 1 il ərzində 3 bank – “Muğanbank”, “Bank Respublika” və “AGBank” vasitəsilə əmanətçilərin pulunu qaytardıq. Təxminən 1,5 milyon manat məbləğində vəsaitin sahibləri isə hələ pulunu geri almayıb. Bunlar daimi olaraq Azərbaycanda yaşamayan, bankın bağlanmasından xəbəri olmayan insanlardır. Amma hələ ki, onlardan müraciətləri qəbul edirik və pullarını hesablarına köçürürük” Xüsusi hallarda kompensasiya ödənilməsi 5 il çəkə bilər. Buna görə də, fond müraciətləri 2017-ci ilin iyul ayına qədər qəbul edəcək.
Elçin Niftiyev onu da bildirib ki, təmsil etdiyi qurum əmanətçilərə ödədiyi məbləği artıq “Royalbank”ın ləğvedicisindən alıb.