30 Oktyabr

Əhali kredit tarixçəsindən narahat olmağa başlayıb

2014-cü ildə Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə 346,7 min sorğu daxil olub. Fins.az-ın məlumatına görə, bu, 2013-cü illə müqayisədə 41,5% çoxdur.

Kredit tarixçəsi ilə bağlı müraciətlər artıb

Sorğuların 97,1%-i və yaxud 336,7 mini banklardan daxil olub. Son 1 ildə bankların MKR müraciətləri 37,8% artıb. Kredit tarixçəsi ilə maraqlanan sadə vətəndaşların sayı isə fantastik sürətlə - təxminən 15 dəfə artaraq 10 mini keçib.

Əhalinin sayı qədər kredit verilib

İlin yekunlarına görə, MKR xidmətində 2 milyon 316,5 min borcalan haqqında məlumat toplanıb. Bu, əvvəlki ilə nisbətən 18,6% çoxdur.
Borcalanların böyük hissəsi 2 milyon 285 mini fiziki şəxslərdir. Son bir ildə kredit alan fiziki şəxslərin sayı 18,6% artıb. Hüquqi şəxs borcalanların sayı isə 10,8 mindir. Son bir ildə onların sayı təqribən 6,7% artıb.

Ölkədə «zamin bumu» davam edir

Son bir ildə Azərbaycanda kredit götürənlərə zaminlik edənlərin sayı da kəskin artıb. 2014-cü ilin yekunlarına görə, ölkədə 1 milyon 78,9 min nəfər zamin var ki, bu da əvvəlki ilə nisbətən 29% artıqdır. MKR-dəki kredit məlumatlarının sayı isə 37,6% artaraq 9 milyona yaxınlaşıb.