30 Oktyabr

“Atrabank”da ödəmə vaxtı keçmiş kreditlər daha da artıb

Fins.az “Marja”ya istinadən xəbər verir ki, bankların 31.03.2014-cü il tarixinə olan maliyyə göstəricilərinə əsasən “ATRABANK” ASC-nin kredit portfeli 41,24 milyon manat təşkil edib. Kredit portfelində ödəmə vaxtı keçmiş kreditlərin məbləği 9,76 milyon manat təşkil edib. Kredit portfelində həmin kreditlərin xüsusi çəkisi isə 24.66%-ə bərabərdir. Halbuki, Bankın kredit portfelində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 2013-cü ilin əvvəlində 11,14%, birinci rübünün sonunda isə 16,93% təşkil edirdi.

Bankda vaxtı keçmiş kreditlərin 4,68 milyon manatı fiziki şəxslərə verilmiş kreditlər üzrədir. Eyni zamanda Bankın verdiyi kreditlərdən ticarət və xidmət sektorunda 1,86 milyon manatının, sənaye sektorunda 1,11 milyon manatının, daşınmaz əmlakın tikintisi sektorunda 983.46 min manatının, kənd təsərrüfatında 889,26 min manatının, digər sektorlarda isə 331.37 min manatının ödəmə vaxtı keçib.

“Atrabank”ın kredit portfelinin 65%-i ticarət, xidmət və daşınmaz əmlakın tikintisi sektoruna aiddir.

Bank sənaye sektoruna 1,46 milyon manat kredit vermişdir, bunun da 1,11 milyon manatının ödəmə vaxtı keçib.

KREDİT PORTFELİ AZALIB

Ötən ilin birinci rübü ilə müqayisədə “Atrabank”ın kredit portfeli 2,63 milyon manat və ya 6% azalaraq 41,24 milyon manata geriləyib.

NİZAMNAMƏ KAPİTALINI 2 DƏFƏ ARTIRIB

“Atrabank” ASC 2014-cü ilin birinci rübündə nizamanamə kapitalını 10 milyon manat artıraraq 20 milyon 424 min 80 manata çatıb. 31.03.2014-cü il tarixinə olan məlumata əsasən Bankın məcmu kapitalı 21 milyon 391 min 120 AZN təşkil edib.

“Atrabank” cari ilin birinci rübünü 119.52 min manat xalis mənfəət ilə başa vurub.

Son bir ildə Bankın risk dərəcəsi üzrə ölçülmüş yekun aktivləri 6,5 milyon manat artaraq 69,2 milyon manata çatıb.

Qeyd edək ki, “Atrabank” Açıq Səhmdar Cəmiyyəti 1992-ci ilin dekabr ayında yaradılıb. Əvvəllər “ATRA” Səhmdar Kommersiya Bankı kimi fəaliyyət göstərmişdir. 29.08.2005-ci il tarixdən isə “Atrabank” Açıq Səhmdar Cəmiyyəti kimi öz fəaliyyətini davam etdirib.

“Atrabank” ötən ilin sonundan etibarən dəyişməyə başlamışdır. Nizamnamə kapitalını 40 milyon manat artıraraq 50 milyon manata çatdırmağı qarşısına məqsəd qoymuş bank, bu günlərdə rebrendinq də həyata keçirmişdir. Bank yaxın günlərdə baş ofisinin yeni inzibati binaya köçürülməsinə də hazırlaşır.